23:29 13-11-2008
news_image
629
STOLÜSTÜ OYUNLAR

4:0 və 0:4

Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Drezden şəhərində XXXVIII Şahmat Olimpiadası start götürüb. “APA-Sport”un məlumatına görə, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandaları ilk turda fərqli nəticə göstəriblər.

Fikrət Sideifzadənin başçılıq etdiyi kişi yığmamız Makedoniyaya şans verməyib – 4:0. Komandamızın lideri Teymur Rəcəbov (2752) Vladimir Georgiyevi (2517), Şəhriyar Məmmədyarov (2731) Trajko Nedevi (2525), Qədir Hüseynov (2650) Zvonko Stanoyoskini (2502), Rauf Məmmədov (2631) isə dördüncü lövhədə Aleksandr Koloviçi (2458) məğlub edib.

Qadınlardan ibarət milli komandamız Rusiya ilə görüşdə uğursuzluğa düçar olub. Yığmamızın hər 4 şahmatçı xalsız qalıb. Zeynəb Məmmədyarova (2351) dünya çempionu Aleksandra Kostenyuka (2525), Türkan Məmmədyarova (2269) Tatyana Kosintsevaya (2513), Xəyalə İsgəndərova (2206) Nadejda Kosintsevaya (2468), Nərmin Kazımova (2171) isə Yekaterina Korbuta (2459) uduzub.

İkinci turun oyunları sabah keçiriləcək. Kişi komandamız Slovakiya, qadın yığmamız isə Qırğızıstana qarşı ağ fiqurlarla oyanacaq.

11 turdan ibarət yarışın mükafatları uğrunda 154 kişi və 116 qadın yığması mübarizə aparır. Olimpiadaya noyabrın 25-də yekun vurulacaq.