11:27 15-11-2008
news_image
708
STOLÜSTÜ OYUNLAR

Milli komandamız birinci pillədə- FOTOSESSİYA

Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Drezden şəhərində təşkil olunan XXXVIII Şahmat Olimpiadasında II turun oyunları başa çatıb. “APA-Sport”un məlumatına görə, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandaları hesabat turunda inamlı qələbə qazanıblar.

Fikrət Sideyfzadənin rəhbərlik etdiyi kişi yığmamız ardıcıl ikinci qələbəsini Slovakiya üzərində qazanıb - 3:1. Komandamızın lideri Teymur Rəcəbovun (2752) Sergey Movsesyanla (2732), dördüncü lövhədə oynayan Rauf Məmmədovun (2631) isə Peter Vavrakla (2478) görüşündə heç-heçə qeydə alınıb. Şəhriyar Məmmədyarov (2731) Lyubomir Ftaçniki (2571), Vüqar Həşimov (2703) Tomas Petriki (2487) məğlub edib.
Qədir Hüseynova (2650) bu turda istirahət verilib.

Qadınlardan ibarət milli komandamız Rusiyaya start məğlubiyyətinin acığını Qırğızıstandan çıxıb - 4:0. Zeynəb Məmmədyarova (2351) Jeni Tilenbayevaya (2037), Türkan Məmmədyarova (2269) Qreta Limə (2072), Nərgiz Umudova (2219) Kizi Şinqisə (1707), Xəyalə İsgəndərova (2206) isə Bartıqul Tilenbayevaya (2080) qalib gəlib. Komandamızın baş məşqçisi Anar Allahverdiyev bu görüşdə Nərmin Kazımovanı (2171) ehtiyatda saxlayıb.

İki turdan sonra maksimum nəticə ilə lider olan kişi komandamız növbəti oyununu Hollandiyaya qarşı keçirəcək. Hesabında 2 xal olan qadın yığmamız 77-ci pillədə qərarlaşıb. Xanımlarımız bu gün III tur çərçivəsində əlcəzairli həmkarları ilə görüşəcəklər.

Qeyd edək ki, 11 turdan ibarət yarışın mükafatları uğrunda 154 kişi və 116 qadın yığması mübarizə aparır. Olimpiadaya noyabrın 25-də yekun vurulacaq.