16:33 15-11-2008
news_image
597
DİGƏR NÖVLƏR

Azərbaycanı “Formula-1”də isveç idmançısı təmsil edəcək

Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Azərbaycan Respublikası Motorlu Qayıqlar Federasiyasının (ARMQF) rəhbərliyi mətbuat konfransı keçirib. “APA-Sport”un məlumatına görə, qurumun prezidenti İbrahim İbrahimov qarşıya ölkəmizdə bu idman növünü inkişaf etdirmək məqsədi qoyulduğunu bildirib.

Mətbuat konfransında ARMQF ilə Beynəlxalq Motorlu Qayıqlar Federasiyasının müstəqil şirkəti olan “Board Gran Pri” arasında 3 illik müqavilə bağlanılıb. 3 milyon avro dəyərində olan razılaşmanın şərtlərinə əsasən, şirkət federasiyanı idmançı, eləcə də avadanlıq və ləvazimatlarla təmin edəcək. Gələcəkdə Səngəçalda 20 hektar ərazidə baza tikilməsi nəzərdə tutulub.

Artıq ölkəmizə bir legioner də gətirilib. Bu, isveçli Yonas Andersondur. Əcnəbi idmançı 2009-cu ilin yanvarından etibarən su idmanı üzrə “Formula-1” yarışında Azərbaycanı təmsil edəcək. Bundan başqa, gələn il “Formula-1”in mərhələlərindən birinin Bakıda keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, ARMQF bu il sentyabrın 3-də Ədliyyə Nazirliyinin qeydiyyatından keçib və Azərbaycanda yaradılan 85-ci federasiyaya çevrilib.