10:51 17-11-2008
news_image
454
STOLÜSTÜ OYUNLAR

Azərbaycan ABŞ-a qalib gəldi

Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Drezden şəhərində təşkil olunan XXXVIII Şahmat Olimpiadasında dörd tur arxada qalıb. “APA-Sport”un məlumatına görə, yarışa ardıcıl iki qələbə ilə başlayan Azərbaycanın kişilərdən ibarət milli komandası mövqeyini əldən verib.

Yığmamız III tur çərçivəsində gözlənilmədən hollandlarla görüşdə xal itkisi ilə üzləşib. Teymur Rəcəbov (2752) rəqibin lideri Lyuk van Veliyə (2618) uduzub. Şəhriyar Məmmədyarovla (2731) Vüqar Həşimov (2703) isə müvafiq olaraq, Yan Smits (2604) və Ervin Lami (2610) ilə heç-heçə oynayıb. Millimizi məğlubiyyətdən dördüncü lövhədə mübarizə aparan Qədir Hüseynov (2650) xilas edib. Qrossmeysterimizin Yan Verle (2582) üzərində qələbəsi yekun hesabı müəyyənləşdirib - 2:2. Fikrət Sideyfzadənin başçılıq etdiyi komandamız eyni heyətlə bu xal itkisinin əvəzini ABŞ-la qarşılaşmada artıqlaması ilə çıxıb. Rəcəbov Qata Kamskini (2729), Məmmədyarov isə Hikaru Nakamuranı (2704) məğlub edib. Həşimov - Aleksandr Onişuk (2644), Hüseynov - Yuri Şulman (2616) görüşlərində qalib müəyyənləşməyib. Beləliklə də, yığmamız 3:1 hesablı inamlı qələbəyə imza atıb.

Qadınlardan ibarət milli komandamız isə son iki matçı itkisiz başa vurub. Əlcəzairlə matçda Zeynəb Məmmədyarova (2351) Əminə Mezyuda (2028), Xəyalə İsgəndərova (2206) Sabrina Leytreçə (2015), Nərmin Kazımova (2171) isə Xədicə Leytreçə (1819) qalib gəlib. Türkan Məmmədyarova (2269) ikinci lövhədə Amirə Həmzəyə (1880) uduzsa da, yekun hesab millimizin xeyrinə olub - 3:1. Komandamızın IV turdakı “qurban”ı isə Almaniyanın ikinci yığması olub. Şahmatçılarımızın 2,5:1,5 hesablı üstünlüyü ilə başa çatan oyunda Z.Məmmədyarova Yudit Fuçsu (2238), Kazımova Hanna-Meri Kleki (2004) üstələyib. T.Məmmədyarova Mariya Şoenlə (2198) heç-heçə edib. Nərgiz Umudova (2219) isə Manuela Meyderə (2132) uduzub.

Dörd turdan sonra kişi komandamız 7 xalla 6-cı pillədə qərarlaşıb. Liderlər qrupunda yer alan yığmalardan cəmi 1 xal geri qalan kollektivimiz bu gün Norveçlə oynayacaq. 6 xalla 27-ci olan qadın yığmamızın V turdakı rəqibi isə Serbiya olacaq.

Qeyd edək ki, 11 turdan ibarət yarışın mükafatları uğrunda 154 kişi və 116 qadın yığması mübarizə aparır. Olimpiadaya noyabrın 25-də yekun vurulacaq.