10:58 18-11-2008
news_image
880
STOLÜSTÜ OYUNLAR

Azərbaycan “Skandinaviya müdafiəsi”ni də dağıtdı

Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Drezden şəhərində təşkil olunan XXXVIII Şahmat Olimpiadasında V turun oyunları keçirilib. “APA-Sport”un məlumatına görə, hesabat turunu Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları üçün uğurlu saymaq olar.

Teymur Rəcəbovun (2752) istirahət etdiyi qarşılaşmada yığmamız Skandinaviya təmsilçisi Norveçi məğlub etməkdə çətinlik çəkməyib. Fikrət Sideifzadənin bu taktiki gedişi özünü doğruldub. Rəcəbovun rəqibin lideri Maqnus Karlsenlə (2786) şəxsi görüşlərdə uğursuz çıxış etdiyini nəzərə alan baş məşqi onu Şəhriyar Məmmədyarovla (2731) əvəzləyib. Və liderlərin görüşündə heç-heçə qeydə alınıb. Qədir Hüseynov (2650) da Keytil Li (2526) ilə xal bölgüsünə razılaşıb. Vüqar Həşimovun (2703) Simen Aqdesteyn (2588), Rauf Məmmədovun (2630) Lüdviq Hammer (2522) üzərində qələbələri isə komandamızın skandinaviyalılar üzərində uğurunu rəsmiləşdirib – 3:1.

Qadınlardan ibarət milli komandamız isə güclü Serbiya yığması ilə görüşdə heç-heçəyə razılaşıb – 2:2. Türkan Məmmədyarova (2269) – Alisa Mariç (2405), Nərgiz Umudova (2219) – Nataşa Boşkoviç (2420), Xəyalə İsgəndərova (2206) – Anjelina Stoyanoviç (2357), Nərmin Kazımova (2171) – İrina Çeluşkina (2360) duellərində qalib müəyyənləşməyib. Zeynəb Məmmədyarova (2351) bu görüşü kənardan izləyib.

Beş turdan sonra kişi komandamız 9 xalla 4-cü pillədə qərarlaşıb. Rusiya, Ermənistan və Almaniyanın birinci kollektivi millimizi yalnız əlavə göstəricilərə görə qabaqlayır. Yeri gəlmişkən, şahmatçılarımız sabah VI tur çərçivəsində məhz düşmən ölkə təmsilçiləri ilə qarşılaşacaqlar. Xallarının sayını 7-yə çatdırmaqla, 20-ci pilləyə yüksələn qadın yığmamız isə Sloveniyanı sınağa çəkəcək.

Qeyd edək ki, 11 turdan ibarət yarışın mükafatları uğrunda 154 kişi və 116 qadın yığması mübarizə aparır. Olimpiadaya noyabrın 25-də yekun vurulacaq.