14:10 19-11-2008
news_image
685
DİGƏR NÖVLƏR

Yığmamıza əcnəbi baş məşqçi və legioner gətirilir

Bakı. Kənan Həsənov - APA-Sport. “Milli komandanın baş məşqçisi postuna yaxınlarda təyinat alsam da, qılıncoynadanların çıxışını daim izləyirdim. Yəni, kollektivin potensialına bələdəm. Mövcud heyətlə uğurlu nəticələr əldə etmək mümkündür”. Bu sözləri “APA-Sport”a açıqlamasında Azərbaycanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi Tahir Həkimov söyləyib.

Bir müddət xarici ölkələrdə çalışan mütəxəssis qılıncoynadanlar üçün lazımi şərait yaradıldığını bildirməklə yanaşı, London olimpiadasında təmsil olunmaq üçün çalışacaqlarını deyib: “Federasiya rəhbərliyinin qarşımıza qoyduğu bir nömrəli vəzifə növbəti olimpiadada təmsil olunmaqdır. Sablyaçı xanımlarımız bu arzunu reallaşdırmaq üçün lazımı potensiala sahibdirlər. Amma komandanı gücləndirmək üçün bir sablyaçı legioner dəvət etməyi də planlaşdırmışıq”.

Şpaqa növünün zəif inkişaf etdiyini bildirən Həkimov xaricdən təcrübəli mütəxəssis gətirmək haqda düşündüklərini vurğulayıb: “Məsələ ilə bağlı federasiya rəhbərliyi razılığını verib. Bu növü inkişaf etdirmək üçün İtaliya, Macarıstan, Rusiya və Ukraynadan olan təcrübəli məşqçilərlə danışıqlar gedir”.