13:50 20-11-2008
news_image
707
DİGƏR NÖVLƏR

Valeri Belenki Azərbaycana qayıtdı

Azərbaycanın ən məşhur idman gimnastı Valeri Belenki Bakıya gəlib. Bu haqda apasport.az saytına Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib.

Onun sözlərinə görə, 1969-cu ildə Bakıda anadan olan idmançının vətənə səfəri federasiya rəhbərliyinin dəvəti əsasında reallaşıb. Uzun müddətdir Almaniyada yaşayan və fəaliyyət göstərən Belenkinin ölkəmizdə işləmək variantı gündəmdədir. Tərəflər razılığa gəlsələr, olimpiya çempionu milli komandamızda fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Belenki 14 yaşında SSRİ yığmasına dəvət edilib. 1986-cı ildə Azərbaycanın mütləq çempionu və kubokunun sahibi olub. 1989-cu ildə dünya çempionu adını qazanıb. Cəmi bir il sonra ABŞ-ın Sietl şəhərində keçirilən Xoş Məramlı Oyunlarda paralel qollarda və halqalarda qızıl, atda və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc mükafata sahib çıxıb.

1991-ci ildə dünya kubokunu qazanan Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında MDB komandasının tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə üçüncü yeri tutub. Bu yarışdan sonra Azərbaycandan ayrılan Belenki
1995-ci ildə Almaniya yığmasının heyətində Avropa çempionatının bürünc mükafatını, atla yarışlarda isə qitə çempionu adını qazanıb.