23:09 23-11-2008
news_image
530
STOLÜSTÜ OYUNLAR

Azərbaycan - Misir - 4:0

Azərbaycanın kişilərdən ibarət milli komandası Almaniyanın Drezden şəhərində keçirilən XXXVIII Şahmat Olimpiadasının X turunu qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız çətinlik çəkmədən Misirə qalib gəlib - 4:0.

Bu oyunda milli komandamızın lideri Teymur Rəcəbova istirahət verilib. Birinci lövhədə isə Şəhriyar Məmmədyarov (2731) mübarizə aparıb. Şəxsi görüşlərdə Şəhriyar Əhməd Adlini (2586), Vüqar Həşimov (2703) Bassem Amini (2560), Qədir Hüseynov (2650) Muhamed Ezatı (2425), Rauf Məmmədov (2631) isə Xaled Razik Abdeli (2406) məğlub edib. Rəqib çox zəif olduğundan yığmamızın oyunu ən tez qurtarıb. Qələbə sayəsində 14 xalla 9-cu sıraya yüksəlmişik.

Qadın şahmatçılarımız isə fransalı həmkarlarına uduzublar - 1:3. Zeynəb Məmmədyarova (2351) və Nərmin Kazımova (2171) heç-heçə oynadıqları halda, Türkan Məmmədyarova (2269) və Nərgiz Umudova (2219) xal qazana bilməyiblər. Aktivində 12 xal olan milli komandamız 33-cü pilləyə yuvarlanıb.

Sabah olimpiadanın iştirakçıları istirahət edəcəklər. Yarışın axırıncı turu noyabrın 25-də keçiriləcək. Son turda kişi şahmatçılarımız Fransaya qarşı mübarizə aparacaqlar. Qadınlardan ibarət yığmamız isə Kubanı məğlub etməyə çalışacaq.