11:24 24-11-2008
news_image
479
DİGƏR NÖVLƏR

Bodibildinqçimiz dünya çempionatında 4-cü oldu

Rusiyanın Kalininqrad şəhərində təşkil olunan klassik bodibildinq üzrə 3-cü dünya çempionatına yekun vurulub. Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyevin apasport.az saytına verdiyi məlumata görə, yarışda iki idmançımız qüvvəsini sınayıb.

170 sm-dək idmançıların turnirində Fərhad Quliyev və Teymur Aslanov podiuma çıxıb. Avropa çempionatının bürünc mükafatçısı olan Teymur ilk “altılığ”a düşə bilmədiyindən, mübarizəni yarımfinalda dayandırıb. Yekunda Aslanov 9-cu yerlə kifayətlənib. Fərhad isə uğurla çıxış edərək, finala adlayıb. Həlledici mərhələdə 5 rəqibə qarşı yarışan Quliyev çempionatı 4-cü pillədə başa vurub.

Dünya çempionatının ardından bodibildinqçilərimizdən fərqli, Bünyadəliyev Vətənə dönməyib. Federasiya prezidenti bu gün Avropa çempionu Vüqar Verdiyevlə birgə Litvaya yollanacaq. Səfərdə məqsəd sabah keçiriləcək qitənin ən yaxşı bodibildinqçisi yarışında iştirak etməkdir. Bu turnirə qatılan bütün 15 idmançı, o cümlədən Vüqar Litvaya xüsusi dəvətnamə ilə çağırılıb.