17:05 24-11-2008
news_image
884
DİGƏR NÖVLƏR

İradə Aşumovaya yığmanın baş məşqçisi postu təklif olundu

2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovaya Azərbaycan güllə atıcılığı yığmasının baş məşqçisi postu təklif olunub. Apasport.az saytının məlumatına görə, bu vəzifəni ona Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov təklif edib.

“Mən şərtləri dedim. Bildirdim ki, baş məşqçi postunu tutaramsa, klublardakı, cəmiyyətlərdəki problemlər tezliklə həll edilməli, bununla bağlı tələblərim yerinə yetirilməlidir. Əks halda, bu vəzifəni istəmirəm” - deyə Aşumova apasport.az saytına açıqlamasında vurğulayıb.

Amma ölkəmizin ən titullu güllə atıcısının Rəhimovla danışıqları müsbət nəticələnməyib. Aşumova bunun səbəblərini belə izah etdi: “Görünür, bəzi tələblər irəli sürdüyümdən məni baş məşqçi təyin etmək fikrindən daşındılar. Mən də digərləri kimi, heç bir şərt qoymadan, rahatca maaş alıb, baş məşqçi işləyə bilərdim. 3 ildən sonra gəlib deyərdim ki, “əşi, alınmadı da”. Ancaq heç vaxt belə eləmərəm”.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun mövqeyini öyrənməyə çalışsaq da, nazirlik rəsmisi məzuniyyətdə olduğundan istəyimiz baş tutmadı.