22:08 25-11-2008
news_image
675
STOLÜSTÜ OYUNLAR

Azərbaycan Şahmat Olimpiadasında 6-cı yeri tutdu - YENİLƏNİB

Almaniyanın Drezden şəhərində təşkil olunan XXXVIII Şahmat Olimpiadasında sonuncu – XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, medal qazanmaq şansını itirən Azərbaycanın kişilərdən ibarət yığması Fransanı məğlub edib.

İlk üç lövhədə keçirilən Teymur Rəcəbov - Etyen Bakro, Şəhriyar Məmmədyarov - Maksim Vaşyer Laqrev, Vüqar Həşimov - Loran Fressin görüşlərində heç-heçə qeydə alınıb. Qədir Hüseynovun dördüncü lövhədəki rəqibi Vladislav Tkaçyov oyuna çıxmadığından rəqibə məğlubiyyət verilib. Belə olan halda yığmamız olimpiadanı 2,5:1,5 hesablı qələbə ilə başa vurub.

Qadınlardan ibarət komandamız isə son turda Kubanın müqavimətini qıra bilməyib. Zeynəb və Türkan Məmmədyarovalar, Nərgiz Umudova və Xəyalə İsgəndərova rəqibləri ilə xal bölgüsünə razılaşıblar - 2:2.

Yekunda kişilərimiz 16 xalla 154 kollektiv arasında 6-cı yeri tutublar. Milli komandamız yalnız Ermənistan, İsrail, ABŞ, Ukrayna və Rusiyadan geri qalıb. Xanım şahmatçılarımız isə 114 yığma arasında 31-ci yerlə kifayətləniblər (13 xal). Qadınların yarışında qızıl medallara 18 xalla Gürcüstan sahib çıxıb. Növbəti sıralarda Ukrayna və ABŞ qərarlaşıb.