16:35 26-11-2008
news_image
1467
DİGƏR NÖVLƏR

Yığmamıza argentinalı baş məşqçi gətirilir

Qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi axtarılır. Apasport.az saytının məlumatına görə, bu məqsədlə Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) rəhbərliyi ölkəmizə Argentinadan məşqçi dəvət edib. Bir neçə gün öncə ölkəmizə təşrif buyurmuş əcnəbi mütəxəssis federasiya rəhbərliyi ilə görüşüb.

Ancaq həm argentinalının adı, həm də danışıqların nəticəsi gizli saxlanılır. Tezliklə vətəninə dönən çalışdırıcının Azərbaycana qayıdıb-qayıtmayacağı bilinmir. İstənilən halda, AzHF rəhbərliyi yığmanın baş məşqçisi postunu əcnəbi bir məşqçiyə tapşıracaq. Hazırda milli komandanı çalışdıran pakistanlı Tahir Zaman isə federasiyada məsul vəzifə tutacaq və otüstü hokkeyin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, Zaman 2006-cı ilin payızında Azərbaycan yığmasının və baza klub sayılan “Atasport”un baş məşqçisi təyin olunub. Onun başçılığı altında milli komandamız, eləcə də “Atasport” qatıldığı nüfuzlu turnirlərin heç birində medal qazanmağı bacarmayıb. Bundan başqa, yığmamız Pekin Olimpiadasına lisenziya xarakterli yarışlarda uğur qazanmadığından Zaman qarşıya qoyulan əsas vəzifənin öhdəsindən gələ bilməyib.