17:13 26-11-2008
news_image
957
STOLÜSTÜ OYUNLAR

Drezdendə qış yuxusu...

Beynəlxalq Olimpiya Komitəsi şahmatı israrla yay və qış olimpiya oyunlarının proqramına daxil etmir. Bu səbəbdən də FİDE dərin zəka sahiblərini özünün təşkil etdiyi olimpiadanın bayrağı altında toplayır. Təkcə yarışa qatılan qrossmeysterlərin siyahısına nəzər yetirməklə, olimpiadanın hansı çəkiyə və nüfuza sahib olduğunu görmək mümkündür. Adi bir nümunə: dünən Drezdendə başa çatan olimpiadaya elitar şahmatçılardan yalnız, hazırkı dünya çempionu Vişvanatan Anand qatılmamışdı. Görünür, “Hind pələngi” hələ də bu yaxınlarda qazandığı dünya şahmat tacının parıltısından gözünü aça bilmir.

***

Azərbaycan şahmatçıları da Drezdendə vaxtından əvvəl qış yuxusuna daldılar. Hərçənd, yarış kişi yığmamız üçün kifayət qədər uğurlu başlamışdı. Reytinqdə 4-cü olan komandamız liderlər qrupunda qərarlaşmışdı və əksəriyyət onların yarışı ilk üç pillədə başa vuracaqları haqda nəğmələr oxuyurdu. Amma bu, baş vermədi. Mən uğursuz sonluğun səbəbini yalnız Ermənistana utancverici məğlubiyyətlə bağlamaq fikrində deyiləm. Çünki olimpiada yalnız bu kollektivlərin duelinə bağlı yarış deyil. Problem komandamızın digər oyunlara lazımınca köklənə bilməməsindədir. İddialılar sırasında yer almayan Hollandiya ilə heç-heçə və Serbiyaya məğlubiyyət bu qəbildəndir. Yəni, ortada üstələyə biləcəyimiz rəqiblərə “bağışlanan” xallar var. Bunlar olmasaydı, komandamız 6-cı deyil, ardıcıl ikinci dəfə çempion tituluna yiyələnən Ermənistanla (19 xal) eyni nəticəyə imza atmış olacaqdı... Biz özümüzü bir qayda olaraq, düşmənlə müqayisə etməyi sevirik. İdman funksionerlərimiz onlarla mübarizədə qazanılan hər hansı qələbəni geninə-boluna reklam etməkdən və Comolunqma zirvəsinə qaldırmaqdan çəkinmir. Halbuki, zəiflərlə müqayisə olunmaq, zəiflərə xas xüsusiyyətdir. Düşməni üstələmək insanda xoş duyğular oyada bilər, oyatmalıdır da. Buna sözüm yox. Bəs indi? Görəsən, mövcud durumda özümüzü necə aparmalıyıq? Bu suala AGİN cavab versə yaxşıdır. Özü də ətraflı və bəhanəsiz. Çünki qadın yığmamız da erməni “axçilərinə” 0:4 hesabı ilə uduzub və onların tozuna belə çata bilməyib.

***

Əslində, komandamız olimpiada ərəfəsində ciddi hazırlıq keçmədi. Şahmatçılarımızın başı şəxsi uğurlarına qarışdığından yığmanı bir yerə toplamaq mümkün olmadı. Yəni, Drezdendə bir növ komanda ruhunun işığından qüvvət alaraq mübarizə aparan qrossmeysterlərə sahib deyildik. Onların hamısı yorğun və tükənmiş vəziyyətdə idilər. Baş məşqçi Fikrət Sideifzadə də çətin anlarda taktiki gedişləri ilə diqqət çəkmədi. Ermənilərə məğlubiyyətin səbəbkarı hesab olunan Şəhriyar Məmmədyarovun növbəti oyunda da uduzmasında Sideifzadənin də payı var. Şəhriyar düşmənə acınacaqlı məğlubiyyətin acığını növbəti oyunda çaxmağa can ata bilərdi. Amma həmin məqamda komandanın psixoloji cəhətdən daha sakit və “təmiz baş”a ehtiyacı vardı. Belə də, Məmmədyarov özünü və komandanı “yandırdı”. 44 oyunda alınan 4 məğlubiyyətdən ikisi məhz onun hesabına yazıldı.

***

Son dövrlər diqqətimi cəlb edən daha bir məqam var. Bu da şahmatçılarımızın əcnəbi klubların heyətində parlaq oyunla diqqət mərkəzinə düşməsidir. Artıq şahmat həvəskarları yığmanın lideri Teymur Rəcəbovun klublararası Avropa çempionatında qazandığı medalların sayını itirib. Şəhriyarla Vüqar da xarici klubların birinci lövhəsində xariqələr yaradırlar. Özümüzə gəldikdə isə... Bunda da özümüz, daha konkret desəm, federasiya rəhbərliyi günahkardır. Orada əyləşənlər iki ildən çoxdur Avropaya çıxacaq Azərbaycan klubunun təməlini qoya bilmirlər. Bu məsələnin düyünə düşməsində pul problemi yoxdur. Avropa klublarını zirvələrə daşıyan qrossmeysterlərimiz də can-başla öz klubumuzda oynamaq istədiklərini bildiriblər. Görəsən, daha nə lazımdır? Bəyəm, federasiyada əyləşənlər şahmatda klub-yığma modelinin uğura aparan yol olduğunu bilmirlər? Bəlkə kimlərəsə, şahmatımızın klub və yığma müstəvisində nailiyyətlər qazanması maraqlı deyil? Bu tip, cavabını və həllini gözləyən yetərincə sual sıralamaq mümkündür. Təəssüf ki cavab həmişəki kimi bəhanələrdən ibarət olacaq. Axı bu, vəziyyətdən ən asan çıxış yoludur.

***

Olimpiadanı 31-ci pillədə başa vuran qadın yığmamızın çıxışına geniş toxunmağa lüzum görmürəm. Nəticə göz qabağındadır, əlavə şərhə ehtiyac yoxdur. Məni yalnız İlahə Qədimova və Firuzə Vəlixanlı kimi təcrübəli ustaların kənarda qalması maraqlandırır. Düzdü, federasiyadakılar bunu həmin şahmatçıların şəxsi işlərinin olması ilə əlaqələndirilər. Amma indiki halda söhbət Azərbaycanın və onun milli komandasının nüfuzundan gedirsə... Bu da bizim şəxsi maraqlarımızın hər şeydən ucada dayanması ilə bağlı növbəti nümunə. Nə qədər ki belə olacaq, ağ-qara lövhə arxasından boynubükük qalxacağıq.

Kənan HƏSƏNOV