18:55 27-11-2008
news_image
1348
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: Yığma komandaya yeni kapitan lazımdır!

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun apasport.az saytına müsahibəsi

- Kişilərdən ibarət milli komandanın Şahmat Olimpiadasında çıxışı birmənalı qarşılanmadı. Federasiya rəsmisi kimi, bu məsələ ilə bağlı hansı fikirdəsiniz?
- Bildiyiniz kimi, yığmamız 6-cı yeri tutdu. Amma medallar uğrunda sonadək mübarizə apardı. Bunlar müsbət məqamlardır. Ancaq şahmatçılarımızın reytinqini və oyun səviyyələrini götürdükdə, yekun nəticədən razı qalmaq olmur. Onların yarışdan medalla dönəcəklərinə inamımız böyük idi. Görünür, komanda şəklində təkmilləşmək üçün vaxta ehtiyac var. Bu səbəbdən də, yığmamızın olimpiadada çıxışı ziddiyyətli alındı.

- Sizcə, medal qazana bilməməyimizə mane olan səbəblər hansılardır?
- Adi bir nümunə göstərim: hər bir şahmatçımız şəxsi reytinqdə erməni rəqiblərini üstələyirdilər. Amma ermənilərlə görüşdə uduzduq. Deməli, komanda mexanizmində ciddi problemlər var. Şahmatçılarımızda vətənpərvərlik hissləri istənilən ermənidə olduğundan çoxdur. Buna qətiyyən şübhə ola bilməz. O cümlədən, həmin görüşdə uşaqların oyunu da alınmadı. 3:1 udmaq əvəzinə 1,5:2,5 hesabıyla uduzduq. Hər halda, bunlar aradan qaldırılacaq problemlərdir.

- Şəhriyar Məmmədyarovun ardıcıl iki oyunda uduzmasının məlum görüşlə əlaqəsi yoxdur ki?
- Şəhriyar çox vətənpərvər və fədakar oğlandır, komanda üçün hər şeyini verməyə hazırdır. Erməni rəqibinə uduzandan sonra pərişan olmuşdu. Onu sadəcə, bu vəziyyətdən çıxartmaq üçün növbəti oyunu komanda marağı nöqteyi-nəzərindən yox, ayrıca şəxsi bir partiya kimi oynamağa vadar etmək lazım idi. Təəssüf ki, bunu edə bilmədik. Nəticədə növbəti oyunda da məğlub oldu.

- Milli komandamızın iddialılardan sayılmayan Serbiya və Hollandiya ilə görüşlərdə vacib xallar itirməsini nə ilə izah edə bilərsiniz?
- Serbiyaya məğlubiyyətə izah tapmaq mümkün deyil. Mən bu oyunun nəticəsindən heç nə anlamadım. Şahmatçılarımız sanki psixoloji “çuxur”a düşmüşdülər. Halbuki, serbləri ikinci heyətlə də məğlub etmək mümkün idi. Hollandiya ilə heç-heçə isə qanunauyğun nəticədir. Bununla yanaşı, komandamızın bürünc medal qazanan ABŞ, o cümlədən Norveç yığmaları üzərində parlaq və peşəkar qələbələrini qeyd etməliyəm.

- Sizə elə gəlmir ki, çətin məqamlarda baş məşqçimizin müdaxiləsinə ehtiyac vardı...
- Sözün düzü, olimpiadadan əvvəl təcrübəli mütəxəssis dəvət etmək fikirləri müzakirə olunmuşdu. Amma bu fikrimizi reallaşdırmadıq. Dəvət olunan şəxs kapitan qismində kənardan şahmatçılarımızı izləməli və müşahidələrinə əsasən, məsləhətlərini verə bilərdi. Fikrət Sideifzadə təcrübəli mütəxəssisdir. Amma ona çox çətin idi. Komandaya yeni baş məşqçi deyil, yüksək səviyyəli və komanda daxili münasibətlərə yeni baxışı olan kapitan lazımdır. Buna həqiqətən ehtiyac var. Axı kənardan gələn istənilən məşqçi Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, və Vüqar Həşimov kimi tanınmış qrossmeysterlərə yeni nə öyrədə bilər?

- Problemlərdən söz düşmüşkən, Şahmat Federasiyası hələ də söz verdiyi klubu formalaşdırmayıb...
- Klub ideyası iki il bundan əvvəl yaranıb. Amma indiyədək reallaşdıra bilməmişik. Səbəblər çoxdur. Bu məqamın da şahmatçılarımızın olimpiadada çıxışına mənfi təsiri olduğunu düşünürəm. Onlar eyni klubda çıxış etsəydilər, daha yüksək nəticə göstərə bilərdilər. İndi bu məsələ federasiyanın gündəmində birinci yeri tutacaq. Klub ideyasını mütləq gerçəkləşdirməyə çalışacağıq. İstənilən halda, altıncı yerə uğursuz nəticə demək olmaz. Bizim heç bir idman növündə dünyanın ən güclüsü olmaq üçün oynayan komandamız yoxdur. Şahmatçılarımızın son illərdə irəliyə doğru sıçrayışını danmaq mümkünsüzdür.

- Belə olan təqdirdə, federasiya şahmatçılarımızı mükafatlandırmağı planlaşdırmır ki?
- Xeyr. Altıncı yerə görə mükafat düşmür. Mənim üçün ən uğurlu nəticə birincilikdir. Komandamızın bu arzunu reallaşdıracağına zərrə qədər şübhə etmirəm. Sadəcə, bu dəfə alınmadı. İnşallah 2010-cu ildə Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunacaq növbəti olimpiadada sözümüzü deyərik. Meydan sahiblərini qabaqlamaq çətin olacaq. Ona görə də, indidən mövcud problemləri aradan qaldırmağa başlamalıyıq.

- Qadın yığmamızın çıxışı haqda nə deyə bilərsiniz?
- Qızlar bacardıqları kimi mübarizə apardılar. Yalnız Ermənistan və Rusiya ilə görüşlər istisnadır. Ümumilikdə, 31-ci yer onların gücünün göstəricisidir.

- Sonda təşkilatçılıq haqda fikirlərinizi eşitmək istərdik. Komandalarımızın münasib məkanda yerləşdirilmədiyi haqda söhbətlər nə dərəcədə həqiqətə uyğundur?
- Bəli, belə bir şey olub. Amma bunda yalnız təşkilatçıları günahlandırmaq lazım deyil. Bu, hər iki tərəfin diqqətsizliyindən yaranan problemdir. Mən şəxsən orada idim və bütün problemləri yerində həll etməyə çalışırdım. Şahmatçılarımızın şam yeməyi və nəqliyyatla bağlı problemi də oldu və vaxtında yoluna qoyduq. Ümumiyyətlə, təşkilatçılıqda ciddi qüsurlar diqqət çəkmədi və komandanın çıxışında bu amillərin yerini görmürəm.