18:46 28-11-2008
news_image
630
DİGƏR NÖVLƏR

Azərbaycanlı olimpiya çempionu beynəlxalq qurumda vəzifə tuta bilər

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğlu İlqar Məmmədov Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) rəhbər orqanlarında yer ala bilər. Apasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli referi olan həmvətənimiz FİE-nin Hakimlər Komitəsinə namizədliyini irəli sürüb.

“Həmişə özümün və komanda yoldaşlarımın görüşlərinin ədalətli idarə olunmasını arzulamışam. Amma bəzi hakimlər kimlərinsə xoşuna gəlmək üçün qərarlar çıxarıblar. Bu məsələ indi də gündəmdədir. Ona görə də proqram hazırlayıb Hakimlər Komitəsinə namizədliyimi irəli sürmək qərarına gəldim. Əsl peşəkarlarla mövcud problemləri yoluna qoyacağımıza inanıram” – deyə Məmmədov bildirib.

Xatırladaq ki, İlqar 1965-ci ildə Bakıda anadan olub. Rapira üzrə ikiqat olimpiya çempionu, dünya birinciliyinin qalibi, SSRİ-nin əməkdar idman ustasıdır. 2001-ci ildə karyerasını başa vurduqdan sonra ABŞ-ın Ohayo ştatında, yerli Dövlət Universitetdə qılıncoynatmadan dərs deyib. 2003-cü ildə isə Rusiyanın dövlət məşqçisi təyin olunub. 2005-ci ildən MOİK klubunun baş məşqçisidir. Bu komanda onun rəhbərliyi altında cari mövsümdə klublararası Avropa çempionatının qalibi olub. İki dəfə Rusiya prezidenti tərəfindən dövlət mükafatlarına layiq görülüb. Məmmədovun həyat yoldaşı, ikiqat dünya çempionu, dünya kubokunun qalibi Yelena Jemayeva da 2004-cü ilədək Azərbaycan yığmasının şərəfini qoruyub.