14:48 13-12-2008
news_image
564
DİGƏR NÖVLƏR

2009-cu ilə 29 medalla

Azərbaycan kikboksinqçiləri 2008-ci ildə mübarizə apardıqları beynəlxalq yarışlarda 29 medal qazanıblar. Apasport.az saytının məlumatına görə, bu haqda Azərbaycan Kikboksinq Federasiyası (AKF) rəhbərliyinin bugünkü toplantısında hesabat verilib.

Maraqlıdır ki, mayda Yunanıstanda WPKA versiyası üzrə böyüklər arasında keçirilmiş dünya çempionatına qatılmış 16 idmançımız 17 medal - 16 qızıl, 1 gümüş medala sahib çıxıblar. Daha sonra Portuqaliyada təşkil olunan yeniyetmə və gənclərin WAKO versiyası üzrə dünya çempionatında 2 qızıl, 1 gümüş, 5 bürünc medala yiyələnmişik. Bu yaxınlarda Portuqaliyada baş tutan Avropa çempionatında (WAKO versiyası) isə 3 həmyerlimiz 2-ci yeri tutub, 1 idmançımız “bürünc”lə kifayətlənib.

Yığıncaqda, həmçinin Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının rəsmən ayrılması da elan olunub. Bu gündən etibarən Azərbaycan Kikboksinq Federasiyası müstəqil fəaliyyət göstərəcək. Gələcəkdə Azərbaycan Muey-Tay Federasiyasının da qeydiyyatdan keçəcəyi və təşkilata Azər Həsənsoyun başçılıq edəcəyi gözlənilir.

Növbəti ildə isə beynəlxalq yarışlara daha həssas yanaşılacaq. Belə ki, idmançılarımız yalnız WAKO-nun (Beynəlxalq Kikboksinq Təşkilatları Assosiasiyası) bayrağı altında keçiriləcək turnirlərdə qüvvələrini sınayacaqlar. Əks təqdirdə, AKF cərimələnə və ya cəzalandırıla bilər.