15:35 13-12-2008
news_image
647
DİGƏR NÖVLƏR

Çoban da olimpiya çempionu olarmış...

Dünyanın ən güclü ağırlıqqaldıranlardan biri, Türkiyə yığmasının sabiq üzvü Halil Mutlu uşaqlıqda çoban olub. Apasport.az saytının məlumatına görə, valideynləri mal-qara otarmaqla, ailəyə yardım edən Halilin ağır atletika ilə məşğul olmasına qarşı çıxıblar.

Mutlu 1973-cü ildə Bolqarıstanın Postnik şəhərində doğulub. Uşaq yaşlarında çobanlıq etdiyi üçün ağırlıqqaldırma məşqlərinə başlaması ona heç də asan başa gəlməyib: “Çünki ailəm onlara yardım göstərməyimi istəyirdilər. Valideynlərim fikrimdən daşınmağım üçün mənə çox təzyiq etsələr də, onların sözünə qulaq asmadım. Evdən ayrılarkən, atam dedi ki, “gedirsənsə, get, amma geri dönmə, bu işi sonadək görməlisən”.

Türkiyəyə gəlməyin çətin olduğunu deyən veteran idmançı bildirib ki, bir neçə il öncə haqsızlıqla üzləşib: “Bolqarıstanda anadan oldum, orada da öləcəyimi düşünürdüm. Türkiyə bizə Amerika qədər uzaq görünürdü. Buna baxmayaraq, Türkiyəyə gəldim, bir çox uğurlar qazandım. Ancaq dopinq qəbul etməyimlə bağlı iddialarla hələ də barışmıram”.

Qeyd edək ki, 3 dəfə olimpiada, 5 dəfə dünya, 9 dəfə Avropa çempionu tituluna malik, 20-dən çox dünya rekorduna imza atmış Halil 2005-ci ildə istifadəsi qadağan olunmuş anabolik steroidler maddəsi qəbul etməklə günahlandırılaraq, idmandan uzaqlaşdırılıb. O, dünyada özündən 3 dəfə artıq çəki qaldırmağı bacaran 4 atletdən biridir. 1 metr 50 santimetr boya malik Mutlu peşəkar karyerasını bu ilin oktyabrında başa vurub.