19:16 17-12-2008
news_image
393
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Məmmədyarovla heç-heçə oynadı

Rusiyanın Elista şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin IV turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, artıq Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə baş tutan görüşlər yekunlaşıb.

Hesabat turu yarışın reytinq favoriti Teymur Rəcəbovun Şəhriyar Məmmədyarovla duelinə səhnə olub. Tərəflər gözlənildiyi kimi riskə getməyərək 25-ci gedişdə xal bölgüsünə razılaşıblar.

Yığmamızın digər üzvü Vüqar Həşimov isə qara fiqurlarla Vladimir Akopyanla qarşılaşıb. Erməni rəqibinin həmlələrini inamla zərərsizləşdirən təmsilçimiz 34-cü gedişdə heç-heçəyə nail olub.

Bu nəticələrdən sonra Rəcəbov xallarının sayını 3-ə çatdırıb. 21 yaşlı qrossmeysterimiz sabah V turda Peter Leko (Macarıstan) ilə qarşılaşacaq. Teymurdan cəmi yarım xal geri qalan Həşimovu Aleksandr Qrişukla (Rusiya) duel gözləyir. Ardıcıl dördüncü görüşdə heç-heçə edən Məmmədyarov (2 xal) isə Rüstəm Qasımcanovu (Özbəkistan) sınağa çəkəcək.