12:34 18-12-2008
news_image
422
STOLÜSTÜ OYUNLAR

Rəcəbov da razıdır, Məmmədyarov da

Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Pri turnirində liderlik edən Teymur Rəcəbov çıxışını şərh edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı qrossmeyster milli komandamızın digər üzvü Şəhriyar Məmmədyarovla görüşdən də istədiyi nəticə ilə ayrıldığını deyib.

“Yarışın başa çatmasına hələ çox var. Şəhriyarla heç-heçə normal nəticədir. Çünki bunadək ağır oyunlar keçirmişdim. Bakro ilə oyunumuz təxminən 8 saat sürdü. Liderliyi davam etdirdiyimdən bu nəticədən məmnunam. Nəfəsimi dərmək üçün vaxt qazandım” – deyə Rəcəbov bildirib.

IV tur çərçivəsində baş tutan bu görüşə münasibət bildirən Məmmədyarov isə Rəcəbovun oyun üslubuna bələd olduğunu vurğulayıb: “Mənim də bu oyunadək ardıcıl iki gərgin görüşüm olub. Teymurla 15 ildir lövhə arxasında mübarizə aparırıq və həmişə də oyunlarımızda qalib müəyyənləşmir. Bu gün qara fiqurlarla oynadığımdan risk etmədim. Fikrimcə, seçdiyim variantı Teymur yaxşı bilirdi. Sonuncu dəfə bu variantı Qazaxıstanda keçirilən blits üzrə dünya çempionatında Sergey Rublyovskiyə qarşı tətbiq edib qalib gəlmişdim”.

Qeyd edək ki, həmyerlilərimizin görüşü 25-ci gedişdə heç-heçə ilə nəticələnib.