14:21 18-12-2008
news_image
2619
DİGƏR NÖVLƏR

Gəncə Olimpiya İdman Kompleksində qalmaqal

Apasport.az saytının e-mail ünvanına Gəncədən məktub daxil olub. Məktubda Gəncə Olimpiya İdman Kompleksindəki mövcud duruma toxunulub, yeniyetmə və gənclərin idmanla məşğul olmaları üçün ortaya əngəllərin çıxmasından yazılıb. Bu sənədin müəllifi kimi, bir qrup valideyn göstərilib. Məktubu qısa ixtisarla dərc edirik:

“Bizi sizə məktub yazmağa vadar edən Gəncə Olimpiya İdman Kompleksinin direktoru Sahib Rzayevin kompleksin idarəçiliyindəki özbaşınalıqdır. Belə ki, bu kompleksdə istilik, işıqlandırma sistemi olduğu halda, övladlarımız qaranlıq və soyuq zallarda məşq edirlər. Övladlarımız real təhlükə ilə üz-üzədir. Elə biz valideynləri də bu sual maraqlandırır ki, gənclər idmanla sağlamlıq üçün məşğul olurlar, yoxsa sağlamlıqlarını itirmək üçün? Sahib Rzayev kompleksdə nə istilik sisteminin işləməsinə icazə verir, nə də adi işığı doğru-dürüst yandırır. Biz kompleksin direktoruna müraciət edəndə yalnız bir cavab eşidirik: “Gedin, kimə nə deyirsinizsə deyin. Nə edirəmsə, yaxşı edirəm, bura mənimdir”. Sahib Rzayev Gənclər İdman Nazirliyində həmişə Mirkamil adını (AGİN-in idman şöbəsinin müdiri Mirkamil Rəhimov nəzərdə tutulur – red.) hallandırır ki, ərizələr nəticədə ona çatacaq, o isə mənim öz adamımdır. Biz də qalırıq mat-məəttəl. Sahib Rzayev bizim övladlarımızın sağlamlığı bahasına özünə 100 min dollarlıq maşın alır, iki villa tikdirir, amma söhbət kompleksdən gedəndə qaranlığı işığa qənaət kimi qələmə verir. Əslində, məqsəd qənaət deyil, pul mənimsəməkdir. Sizdən xahiş edirik ki, bu məsələ ilə bağlı konkret addımların atılması üçün köməklik göstərəsiniz”.

Azərbaycan Gənclər və İdman Nazirliyinin, xüsusilə məktubda adı hallanan idman şöbəsinin müdiri Mirkamil Rəhimov apasport.az saytına açıqlamasında Gəncə Olimpiya İdman Kompleksi ilə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, məktubu bir qrup valideyn yox, jurnalist yazıb: “Bir müddət öncə Gəncədən nazirliyə də eyni məzmunlu məktub göndərilmişdi. Müəllif bir qrup valideyn göstərilsə də, araşdırmalarımız nəticəsində məlum oldu ki, bunu bir jurnalist yazıb. Əslində, məsələ belə olub: həmin jurnalist kompleksdə məşq edən oğlu üçün ayrıca soyunub-geyinmə otağı ayrılmasını tələb edib. Direktor Sahib Rzayev da cavabında deyib ki, əgər oğlunuz məşq edirsə, hamı kimi eyni şəraitdən yararlanmalıdır. Yəni, xüsusi güzəşt olmayacaq. Buna görə də jurnalist direktoru hədələyib, şikayət edəcəyini, onun başına oyun açacağını söyləyib”.

Jurnalistin hansı mətbu orqanda çalışdığını bilməyən Rəhimov vurğulayıb ki, məktubda səsləndirilən ittihamlar əsassızdır: “Mənim Sahib Rzayevə havadarlıq etməyim barədə yazılanlar cəfəngiyatdır. Əvvəla, Gəncə Olimpiya İdman Kompleksi nazirliyin tabeçiliyində deyil. Bu idman qurğusu Milli Olimpiya Komitəsinin balansındadır. Özü də kompleks təsərrüfat hesablıdır. Ola bilsin ki, nə vaxtsa işığa qənaət olunur, buna heç nə demək olmaz. Amma fakt budur ki, Gəncə Olimpiya İdman Kompleksi ölkəmizdə ən yaxşı fəaliyyət göstərən kompleksdir. Bundan başqa, Sahib Rzayevin direktoru olduğu kompleksin sayəsində özünə maşın alması, villa tikdirməsi də əsassız iddialardır. Əgər belə fakt varsa, versinlər bizə, araşdırıb müvafiq tədbir görək”.