23:55 18-12-2008
news_image
498
STOLÜSTÜ OYUNLAR

Rusiyada azərbaycansayağı “monopoliya”

Azərbaycan şahmat yığmasının üzvləri Rusiyanın Elista şəhərində keçirilən Qran-Pridə uğurlu çıxışlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, artıq ən yuxarı pillələrdə iki həmvətənimiz – Teymur Rəcəbovla Vüqar Həşimov qərarlaşıb. Onların hər ikisinin 3,5 xalı var.

Məsələ burasındadır ki, V turda Vüqar ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka 64-cü gedişdə qalib gəlib. Teymur isə Peter Leko (Macarıstan) ilə görüşdə yarım xal qazanıb. Beləliklə, şahmatçılarımızın xalları bərabərləşib və onlar hazırda 1-2-ci yerləri bölüşdürürlər.

Digər idmançımız Şəhriyar Məmmədyarov isə özbəkistanlı Rüstəm Qasımcanovla “sülh” bağlayıb. Bütün oyunlarını heç-heçə başa vuran beynəlxalq qrossmeysterimiz 2,5 xalla 4-10-cu yerləri bölüşdürür.

Sabah turnir iştirakçıları istirhət edəcəklər. Şənbə günü Qran-Pridə VI turun partiyaları oynanılacaq.14 turdan ibarət yarışa dekabrın 28-də yekun vurulacaq.