13:09 19-12-2008
news_image
628
STOLÜSTÜ OYUNLAR

Azərbaycanın ən güclü qrossmeysterlərinin dopinq haqda fikirləri

Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Pri turnirinin rəsmi saytının əməkdaşları maraqlı sorğu keçiriblər. Apasport.az saytının məlumatına görə, yarış iştirakçılarına “Sizin üçün şahmatda dopinq hansı anlama gəlir” sualı ünvanlanıb.

Azərbaycan milli komandasının üzvləri də bu sualı cavablandırıblar. Onların məsələyə münasibətlərini olduğu kimi diqqətinizə çatdırırıq.

Teymur Rəcəbov: “Oyunu yaxşı keçirmək üçün nədən istifadə etməyin lazım gəldiyini söyləmək çətindir. Kofe, çay və siqaret arzulanan nəticə qazanmağı təmin edə bilməz. Yaxşı yatıb, yüksək əhval-ruhiyyədə oyuna çıxmaq da uğurun təminatçısı deyil. Əsl dopinqə gəlincə, ukraynalı Vasili İvançukun nümayişkaranə şəkildə dopinq-testdən boyun qaçırmasına toxunsaq, bu, çox vaxt aparacaq”.

Şəhriyar Məmmədyarov: “Heç vaxt istifadə etmədiyimə görə, dopinqin nə olduğunu bilmirəm. Fikrimcə, bu, şahmatçılara güclü kömək etmir və çətin ki yüksək səviyyədə kimsə dopinqə üstünlük versin. Axı şahmat təmiz idman deyil, atletika və gimnastika kimi olimpiadanın proqramına daxil edilməyib. Ola bilsin nisbətən yaşlı şahmatçılar özlərini formada saxlamaq üçün böyük miqdarda kofe içirlər. Şahmatda dopinqin olub-olmaması mənim vecimə deyil”.

Vüqar Həşimov: “Mən oyun zamanı adətən su içirəm. Şahmat özü dopinq, daha dəqiq narkotikdir. Bütün qrossmeysterlər hələ uşaq vaxtlarından bu müdrik oyundan asılı vəziyyətə düşüblər və ömürlərinin sonuna kimi ayrıla bilməyəcəklər”.