19:50 21-12-2008
news_image
601
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov 2040-cı ildən danışdı

“Fişer şahmatı” çox maraqlı, zəngin imkanlara malik oyundur. Hətta bəzi aparıcı qrossmeysterlər burada debütün necə oynanıldığını bilmirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmat yığmasının üzvü Şəhriyar Məmmədyarov deyib.

Rusiyanın Elista şəhərində keçirilən Qran-Prinin rəsmi veb-saytına açıqlama verən həmyerlimiz “Fişer şahmatı” klassik şahmata alternativ sayıla bilərmi” sualını cavablayıb. Şəhriyar vurğulayıb ki, hazırda “Fişer şahmatı”nın klassik oyuna alternativ olduğunu söyləmək tezdir: “Amma ola bilsin ki, 30 ildən sonra, biz qocalanda “Fişer şahmatı” populyarlıq qazanacaq və həmin vaxt ona üstünlük veriləcək”.

Eyni sualı digər şahmatçılarımız Teymur Rəcəbovla Vüqar Həşimov da cavablandırıb. Rəcəbov bildirib ki, klassik oyunun öz yerini “Fişer şahmatı”na verəcəyi inandırıcı görünmür. Vüqar isə bundan ötrü ən azı 10 ilin lazım gəldiyini söyləyib: “Bəlkə də 10 ildən sonra gözəl günlərin birində insanlar klassik oyunu kənara qoyub, “Fişer şahmatı”na keçəcəklər”.

Qeyd edək ki, “Fişer şahmatı”nın əsası 1996-cı ildə 11-ci dünya çempionu Robert Fişer tərəfindən qoyulub. Bu oyunun əsas özəlliklərindən biri odur ki, başlanğıcda fiqurların düzülüşü üçün 960 variant var. Yəni, klassik şahmatdan fərqli, “Fişer şahmatı”nda şah, vəzir, atlar, fillər və toplar oyunun əvvəlində müxtəlif xanalarda düzülə bilər.