22:18 21-12-2008
news_image
575
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovun ilk məğlubiyyəti

Azərbaycan şahmatçıları Rusiyanın Elista şəhərində keçirilən Qran-Prinin VII turunda qələbə qazana bilməyiblər. Apasport.az saytının məlumatına görə, Vüqar Həşimov Etyen Bakro (Fransa), Şəhriyar Məmmədyarov isə Dmitri Yakovenko (Rusiya) ilə “sülh” bağlayıb.

Ən pis nəticəni yığmamızın lideri Teymur Rəcəbov göstərib. O, qara fiqurlarla yerli şahmatçı Ernesto İnarkiyevə 62-ci gedişdə uduzub. Bu, həm Teymurun, həm də ümumilikdə həmvətənlərimizin Qran-Pridə ilk məğlubiyyəti kimi yadda qalıb.

Hazırda aktivində 4,5 xal olan Vüqar Həşimov rusiyalı Aleksandr Qrişukla birgə 1-2-ci yerləri bölüşdürür. Rəcəbov 4 xalla 3-cü pilləyə enib. Turnirdə bütün oyunlaını heç-heçə başa vuran Məmmədyarov isə 5-8-ci pillələrdə qərarlaşıb.

Sabah VIII tur çərçivəsndə növbəti Azərbaycan derbisi baş tutacaq. Məsələ burasındadır ki, Rəcəbov ağ fiqurlarla Həşimovu sınağa çəkəcək. Qran-Prinin 4-cü turunda gerçəkləşmiş ilk Azərbaycan derbisində Teymur Şəhriyarla heç-heçə oynamışdı. Yeri gəlmişkən, Məmmədyarov sabah İnarkiyevlə qarşılaşacaq.