22:51 23-12-2008
news_image
1760
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Psixoloji sarsıntı keçirirəm

Rusiyanın Elista şəhərində keçirilən şahmat üzrə Qran-Prinin rəsmi veb-saytında növbəti dəfə Azərbaycan yığmasının üzvlərinin fikirləri yerləşdirilib. Apasport.az saytının məlumatına görə, bu yarışda iştirak edən Teymur Rəcəbov, Vüqar Həşimov və Şəhriyar Məmmədyarov “Uğursuzluqla necə barışırsınız” sualını cavablandırıblar.

Həşimov deyib ki, məğlubiyyətə fəlsəfi baxımdan yanaşmaq lazımdır: “Həmişə qələbə qazanmaq mümkün deyil. Əgər turnirə yaxşı hazırlaşmısansa, mübarizəyə köklənmisənsə, deməli, uğursuzluq daha az olacaq. Üstəlik, bəlkə də həmin yarışda bir oyun belə uduzmayacaqsan. Məğlubiyyətə belə yanaşma tərzini özümün ən güclü cəhətim sayıram. Bundan başqa, qələbə və ya heç-heçə etdiyim partiya barədə də çox düşünməməyə çalışıram”.

Eyni zamanda, Teymur Rəcəbov da fəlsəfi yanaşma tərzinə üstünlük verdiyini söyləyib. 21 yaşlı beynəlxalq qrossmeyster bildirib ki, kobud səhvlər ucbatından uduzduğu oyunlar təəssüf doğurur: “Məğlubiyyət partiyanın 3 mümkün nəticəsindən biridir. Lakin məğlubiyyətlər də müxtəlif cür olur. Məsələn, mən Qran-Prinin 7-ci turunda Ernesto İnarkiyevə seytnotdakı kobud səhvimə görə uduzdum. Oyundan sonra çox həyəcanlı idim. Belə məqamlarda psixoloji sarsıntı keçirirəm. Qələbə üçün hər şeyi etdiyin halda, seytnotda gözlənilməz səhvin ümidləri alt-üst etməsi pis haldır”.

Milli komandamızın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə belə deyib: “Əgər söhbət ayrıca məğlubiyyətdən yox, ümumi turnirdəki uğursuzluqdan gedirsə, açığı, qatıldığımı son 11 yarışın 10-da çıxışımdan narazı qalmışam. Hər halda, tezliklə uğurun gələcəyinə inanıram. Peşəkar şahmatçının həyatı bax, belə olur”.