23:39 23-12-2008
news_image
637
STOLÜSTÜ OYUNLAR

Vüqar Şəhriyara qalib gəldi

Azərbaycan şahmat yığmasının üzvü Vüqar Həşimov Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Prinin IX turunu qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, o, digər həmvətənimiz Şəhriyar Məmmədyarova qalib gəlib. Ağ fiqurlarla oynayan Həşimov rəqibini 32-ci gedişdə mat edib.

Bu, Məmmədyarovun turnirdə ilk məğlubiyyəti olub. Həmçinin, Qran-Pridə baş tutan 3 Azərbaycan derbisində qalib müəyyənləşən yeganə partiya kimi yadda qalıb. Öncə Teymur Rəcəbovun Vüqar Həşimovla və Şəhriyar Məmmədyarovla görüşü heç-heçə nəticələnmişdi. Yeri gəlmişkən, Teymur da hesabat turunda qələbə qazanıb. 21 yaşlı idmançı ukraynalı Pavel Elyanovu üstələyib.

Sona 4 tur qalmış Həşimov rusiyalı Aleksandr Qrişukla birgə 6 xalla 1-2-ci sıraları bölüşdürür. Bundan yarım xal geri qalan Rəcəbov 3-4-cü yerlərdədir. Şəhriyar isə 4 xalla 7-11-cı pillələrdə qərarlaşıb.

Sabah yarış iştirakçıları istirahət edəcəklər. Axırıncı 4 tur 25-28 dekabr aralığında gerçəkləşəcək.