16:58 25-12-2008
news_image
1081
DİGƏR NÖVLƏR

Adil Paşayev 3-cü dəfə otüstü hokkey yığmamızın baş məşqçisi olacaq - EKSKLÜZİV

Azərbaycanın bütün idman federasiyaları 2009-cu il üçün milli komandanın baş məşqçisi postuna təsdiqlədikləri şəxslərin siyahısını Gənclər və İdman Nazirliyinə (AGİN) göndəriblər. Bu haqda apasport.az saytına məlumat verən AGİN-in idman şöbəsinin müdiri Mirkamil Rəhimovun sözlərinə görə, siyahıda adları göstərilən mütəxəssislərin baş məşqçi təsdiq olunub-olunmayacaqları nazirliyin kollegial iclasında müəyyənləşəcək.

“İclas gələn ilin yanvarında keçiriləcək. Toplantıda siyahıda yer alan çalışdırıcıların müvafiq idman növü üzrə yığmaya baş məşqçi təyin olunması müzakirəyə çıxarılacaq. Yalnız kollegiya üzvlərinin müsbət rəyindən sonra baş məşqçilər təsdiqlənəcək” - deyə Rəhimov vurğulayıb.

AGİN rəsmisi baş məşqçi dəyişikliyi gözlənilən konkret növlərə - otüstü hokkey, ağır atletika və boks – toxunub: “Otüstü Hokkey Federasiyası qadınlardan ibarət yığmaya Adil Paşayev, kişilərdən ibarət milli komandaya isə Saleh Hüseynovu təsdiqləyib. Ağır atletika yığmasının baş məşqçi postunda Vahid Nəzərov göstərilib. Boksda isə Nəriman Abdullayevin adı qeyd olunub. Amma yenə də deyirəm ki, hər şey kollegial iclasın qərarından asılıdır”.

Nəzərə alsaq ki, kollegial iclas əksər hallarda federasiya rəhbərlərinin seçimlərini dəstəkləyir, deməli, gələn ay Adil Paşayev, Vahid Nəzərov və Nəriman Abdullayevə baş məşqçi vəzifələri rəsmən tapşırılacaq. Təbii ki, bu təyinatlardan ən gözlənilməzi hazırda Otüstü Hokkey Federasiyasının baş katibi funksiyasını yerinə yetirən Paşayevlə bağlıdır.

Bu vaxta qədər Paşayev artıq iki dəfə qadın hokkeyçiləri çalışdırıb. Lakin federasiya rəhbərliyi onu 2004-cü ildə almaniyalı Robert Uillik, 2006-cı ildə isə pakistanlı Tahir Zamanla əvəzləyib. Maraqlıdır ki, cəmi 1 aydan sonra 2 il əvvəlki proseslər əksinə cərəyan edəcək, Paşayev Tahir Zamanın postunu tutacaq və beləliklə, növbəti, 3-cü dəfə baş məşqçi olacaq.

Xatırladaq ki, Otüstü Hokkey Federasiyasının rəhbərliyi ötən ay argentinalı mütəxəssis Serxio Vixillə danışıqlar aparıb. Görünür, tərəflər ortaq məxrəcə gələ bilmədiklərindən baş məşqçi vəzifəsinin Adil Paşayevə tapşırılması məqsədəuyğun sayılıb.