14:57 26-12-2008
news_image
2319
DİGƏR NÖVLƏR

İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi

Azərbaycanın dövlət başçısı İlham Əliyev bu gün növbəti müddətə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı bu gün keçirilən MOK-un V hesabat-seçki Baş Məclisində bütün iştirakçıların səsini qazanıb.

Konfransda çıxış edən İlham Əliyev 2008-ci ilin nəticələrindən razı qaldığını vurğulayıb: “Pekin Yay Olimpiya Oyunlarında idmançılarımız 7 medal qazandılar. Bu yaxşı nəticədir, amma 2012-ci il London Olimpiadasında bundan da yaxşı göstəricilər olmalıdır. Medal qazanılmayan növlərdə problemləri analiz etmək, Londonda kəmiyyət və keyfiyyətdə irəliləyişə nail olmaq lazımdır”.

Tədbirdə 2004-08-ci illər üçün hesabat verilərkən bildirilib ki, 4 il ərzində MOK 5,2 milyon manatlıq büdcənin 4,7 milyon manatını xərcləyib. Həmçinin, yığıncaqda İcraiyyə Komitəsinə 17 və Təftiş komissiyasına 5 üzv seçilib. İcraiyyə Komitəsində yeganə dəyişiklik Vasif Əliyevi “Neftçi” İSM-in rəhbəri Sadıq Sadıqovun əvəzləməsi olub.

Dövlət başçısı Azərbaycanın olimpiya çempionları – Rəfiqə Şabanova, Lyudmila Şubina, Nazim Hüseynov, Namiq Abdullayev, Zemfira Meftahəddinova, Fərid Mansurov və Elnur Məmmədliyə MOK-un xüsusi ordenlərini təqdim edib.

Baş Məclisdən sonra MOK-un İcraiyyə Komitəsinin xüsusi iclasında Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev yenidən qurumun vitse-prezidentləri seçilib. Ağacan Abıyevə isə növbəti dəfə baş katib vəzifəsi tapşırılıb.

Qeyd edək ki, 1997-ci ildən MOK-a rəhbərlik edən İlham Əliyev quruma daha 8 illiyə seçilib.