18:44 26-12-2008
news_image
2926
DİGƏR NÖVLƏR

2008-ci ildə Azərbaycan idmanının 10 ən kuryoz hadisəsi - FOTO

Son günlərini yaşadığımız 2008-ci il Azərbaycan idmanında bir sıra mühüm hadisələrlə yadda qaldı. Elə yarışlar oldu ki, həmyerlilərimiz parlaq çıxış edib, Vətənə qucaq-qucaq medallarla döndülər. Eyni zamanda, nəticələrinə görə xəcalət çəkdiyimiz idmançılarımız da oldu. Müxtəlif vaxtlarda çoxlarının hafizəsində dərin izlər buraxan şok effektli hadisələr də baş verdi. Apasport.az saytı araşdırma apararaq, Azərbaycanda cari ilin 10 ən kuryoz idman hadisəsini müəyyənləşdirib.

1. “İnter”in baş məşqçisi Valentin Xodukin müsahibələrinin birində azərbaycanlı jurnalistlərin ünvanına “it hürər, karvan keçər” ifadəsini işlədərək, onları itə bənzətdi. Media nümayəndələrinin cavabı isə özünü çox gözlətmədi. İyulun 29-da Çempionlar Liqası çərçivəsində Serbiya “Partizan”ı ilə Bakıda keçirilən oyundan sonra Xodukin cavabını aldı. 69 yaşlı ukraynalı çalışdırıcı qarşılaşmanın ardınca keçirilən mətbuat konfransında danışmağa başlayanda jurnalistlərin hamısı Azərbaycan, rus və ingilis dillərində “Ehtiyatlı olun, itlər gəlir!” şüarı yazılmış plakatlar nümayiş etdirdilər. Plakatda, həmçinin itlərin və müxtəlif maskalı qorxulu insanabənzər məfhumların şəkilləri var idi. Beləliklə, qələm əhli Xodukini konfrans zalında tək qoyub, tədbiri boykot etdi.

2. Azərbaycanı olimpiadalar tarixində ilk dəfə atçılıq növündə təmsil edən Camal Rəhimov inanılmaz hadisə ilə üzləşdi. 21 yaşlı çapar Pekin Olimpiadasında, avqustun 17-də ikinci təsnifat mərhələsində gözlənilmədən atdan yıxılaraq, xəsarət aldı. Çünki onun 1 milyon 970 min avroya Fransadan alınmış “İoneska de Brekka” adlı atı maneələri dəf edərkən büdrəmişdi. Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovun nəvəsi olan Camal yarışı yarımçıq dayandırdı və onu dərhal xəstəxanaya çatdırdılar.

3. Güllə atıcılığı yığmamızın baş məşqçisi Vladimir Lunyov qeyri-etik hərəkətlərə yol verməsi əsas gətirilərək, iyulun 2-də istefaya göndərildi. Hadisələrin mərkəzində milli komandanın üzvü Nigar Bağırova dururdu. Olimpiya mükafatçısı İradə Aşumovanın həyat yoldaşı olan Lunyovun Bağırovaya təcavüz etməsi barədə də ehtimallar səsləndirildi. 20 yaşlı Nigarın bu sözləri isə bir çox mətləblərə işarədir: “Lunyovun xeyli səhv addımı, hərəkətləri olmasına baxmayaraq, bunların heç birini deməyəcəyəm. Səkkiz il onun rəhbərliyi altında məşq etmişəm, amma indi onu görmək, tanımaq, hətta danışmaq belə istəmirəm”. Ən maraqlısı isə odur ki, Bağırova Lunyovun baldızı qızıdır...

4. Sidney Olimpiadasının bürünc medalçısı, boksçu Vüqar Ələkbərov mayın 16-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. O, Kənan Quliyev adlı iş adamından 10 min ABŞ dolları tələb etməkdə, ona hədə-qorxu gəlməkdə ittiham olunurdu. Hadisə zamanı saxlanılan boks yığmamızın digər üzvü Ramal Amanov tezliklə sərbəst buraxılsa da, Vüqar barəsində cinayət işi açıldı. 27 yaşlı idmançı 3 ay 23 gün həbsdə yatdı və sentyabrın 10-da məhkəmə zalından azadlığa buraxıldı.

5. Mayın 28-də “İnter” futbol klubu ilk dəfə Azərbaycan çempionu oldu. Bunun da maraqlı tarixçəsi var. Deməli, son tur ərəfəsində zirvədə qərarlaşan “Olimpik” ən yaxın izləyicisi “İnter”i 3 xal qabaqlayırdı. Əsgər Abdullayevin yetirmələrini axırıncı oyunda, “Qarabağ”la görüşdə 1 xal da qane edirdi. Ancaq... Çempionluq sevinci yaşamağı səbirsizliklə gözləyən “Olimpik” üzvləri 83-cü dəqiqədə şoka düşdülər. “Qarabağ”lı Zaur Həşimov fərqlənərək, “təyyarəçilər”i qızıl medallardan məhrum etdi. Bundan cəmi 2 saat sonra “İnter” “Qəbələ”ni 4:0 hesabı ilə üstələyərək, çempion oldu. “Olimpik” isə 7 dəqiqənin güdazına getdi. Necə deyərlər, yeməyənin payını yeyərlər...

6. Sentyabrda basketbol üzrə Azərbaycan çempionu “NTD Servis-Devon”un rəhbərliyi sensasion addım atdı. Komanda Gürcüstan çempionatında oynamaq qərarına gəldi. Qərar belə izah olunurdu: Azərbaycan birinciliyində rəqabət aşağıdır, inkişafı yoxdur. Bu, idman tariximizə analoqu olmayan hadisədir.

7. Türkiyəli məşqçi Rasim Kara bu il iradəsizliyi ilə yadda qaldı. O, il yarım baş məşqçi işlədiyi və hər dəfə parlaq gələcəyindən, perspektivindən danışdığı “Qarabağ”ı avqustun 2-də, Premyer Liqanın startına 7 gün qalmış yarı yolda qoydu. Növbəti şok effektli qərar isə 58 yaşlı çalışdırıcının cəmi 1 gün sonra “Xəzər-Lənkəran”da peyda olması idi. Bundan da təəccüblüsü isə noyabrın 23-də gerçəkləşdi. Doğma azarkeşlər önündə “Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən dərhal sonra Kara “Xəzər-Lənkəran”ın baş məşqçi postundan istefa verdi. Çox qəribədir ki, “Qarabağ”dan ayrılarkən halallıq almayan türkiyəli yeni klubunda heç 4 ay işləyə bilmədi və elə Ağdam təmsilçisinin qurbanına çevrildi.

8. Payızda Gənclər və İdman Nazirliyinin rəhbərliyi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayana məktub ünvanlayaraq, ondan yığmamız üçün baş məşqçi istədi. Dekabrın 3-də Ayanın göndərdiyi cavab məktubu isə nazirlik rəsmilərini gülünc vəziyyətdə saldı. IWF prezidenti yazırdı ki, “sizdə Vahid Nəzərov kimi yüksək səviyyəli məşqçi var”. Dolayısı ilə Tamaş Ayan qısa və lakonik məktubunda idman məmurlarımızı pərt eləmişdi.

9. Qadın otüstü hokkeyçilərdən ibarət milli komandalar arasında apreldə Bakıda keçirilən lisenziya xarakterli beynəlxalq turnir ətrafında qalmaqal düz 3 ay davam elədi. Finalda İspaniyanın Azərbaycana 3:2 hesabı ilə qalib gəlib, Pekin Olimpiadasına vəsiqə qazanmasından sonra aləm bir-birinə dəydi. İki ispaniyalı dopinq-testdə ilişdi, bundan başqa Azərbaycan tərəfi hakimlərin ədalətsizliyi ilə bağlı Beynəlxalq Otüstü Hokkey Federasiyasına (FİH) şikayət məktubu göndərdi. FİH-dən tələb İspaniya ilə oyunun ləğv edilməsi və lisenziyanın yığmamıza verilməsi idi. Amma hər şey pireneylilərin xeyrinə qurtardı. Dopinqdə günahlandırılanlar “təmiz” çıxdılar, hakimlərin ədalətsizliyinə isə fikir verən tapılmadı. Otüstü hokkey məmurlarımızın hay-küyləri özlərinə qaldı.

10. Oktyabrda “Neftçi”nin 6 futbolçusu - Rəşad Sadıqov, Georgi Adamiya, Aleksandr Çertoqanov, Ruslan Abbasov, Rəşad Sadiqov və Elnur Allahverdiyev əsas heyətdən uzaqlaşdırıldı. Flaqman rəhbərliyi almaniyalı baş məşqçi Hans-Yurgen Gedeni dəstəklədi, azarkeşlərin bir hissəsi komandadan üz döndərdi. Hadisələrin ən qızğın çağında Çertoqanov şok iddia ilə çıxış etdi: Hans-Yurgen Gede “İnter”ə məğlub olan günü distoketada qızla əylənib! Almaniyalı çalışdırıcı deyilənləri etiraf elədi. Və distokeya getməyin şəxsi işi olduğunu bildirdi. Bəlkə də Gedenin xəbəri yox idi ki, o, Azərbaycanda diskotekada əylənməsi barədə məlumatların mətbuata çıxdığı ilk və yeganə məşqçidir.

Aqşin ƏLİYEV