22:34 27-12-2008
news_image
480
STOLÜSTÜ OYUNLAR

Rəcəbov düşmənlə sülh bağladı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Elista şəhərində keçirilən Qran-Prinin XII turunda Ermənistan təmsilçisi Vladimir Akopyana qalib gələ bilməyib. Apasport.az saytının məlumatına görə, ağ fiqurlarla oynayan həmvətənimiz reytinqdə özündən aşağı olan rəqiblə “sülh bağlayıb”. Rəcəbov bədnam qonşularımızın nümayəndəsi ilə partiyada cəmi 19 gediş edib.

Digər idmançılarımız da hesabat turunda yarım xalla kifayətləniblər. Vüqar Həşimov Ernesto İnarkiyevlə (Rusiya), Şəhriyar Məmmədyarov isə Yu Vanqla (Çin) heç-heçə oynayıb. Bu nəticələrdən sonra şahmatçılarımızın mövqeyində dəyişiklik olmayıb. Rəcəbov 7,5 xalla əvvəlki kimi, 1-3-cü yerləri bölüşdürür. Bundan 0,5 xal geri qalan Həşimov 4-cü sıradadır. Məmmədyarov isə 6 xalla 5-9-cu pilələrdə qərarlaşıb.

Sabah Qran-Pridə axırıncı turun görüşləri olacaq. Akopyanı bu dəfə Şəhriyar sınağa çəkəcək. Vüqar özbəkistanlı Rüstəm Qasımcanovla, Teymur isə rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq.