00:22 28-12-2008
news_image
594
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız ali təhsildən danışdılar

“Təhsil, yoxsa şahmat” seçimi qarşısında hələ məktəbdə oxuyanda qalmışdım. Şahmata maraq göstərənə qədər, məktəbdə əlaçı idim və məni bacarıqlı şagird kimi olimpiada, müsabiqələrdəki uğurlarım sayəsində doğma şəhərimdə yaxşı tanıyırdılar. Lakin bu növə istəyim yarananda, praktiki olaraq, təhsili atdım, imkanlarımdan aşağı oxumağa başladım. Buna görə heç də təəssüflənmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Prinin rəsmi veb-saytına açıqlamasında “Peşəkar şahmatçılara ali təhsil lazımdırmı” sualını cavablandıran Məmmədyarov bildirib ki, məşğul olduğu idman növü ona çox uğurlar qazandırıb: “Beynəlxalq qrossmeyster olmuşam, bir sıra turnirlərdə nailiyyətlərə imza atmışam, dünya şahmatçılarının reytinq-cədvəlində 4-cü pilləyə yüksəlmişəm. Yəni, yeniyetmə yaşlarında şəxsi həyatla bağlı seçim etmək vacibdir. Məncə, ali təhsil karyerası ərzində qarşısına böyük məqsədlər qoyan şahmatçılara yox, qeyri-sabit çıxış edənlərə lazımdır”.

Yarışda mübarizə aparan digər şahmatçılarımız Teymur Rəcəbovla Vüqar Həşimov da eyni suala cavab verib. Onların hər ikisi ali təhsil haqda müsbət fikirlər söyləyib. “Lakin bu, şahmatçılar üçün könüllüdür. Ali təhsil haqqında diplom şahmatda gücün, bacarığını göstəricisi sayılmır. Əksinə, bu sənəd hərdən maneçilik yaradır” - deyə Rəcəbov vurğulayıb.

Həşimov isə bunları söyləyib: “Əlbəttə, istənilən şəxs üçün ali təhsil prestij hesab olunur. Çox insanlar təhsil almaq istəyirlər, ancaq onlara müxtəlif səbəblər əngəl törədir. Şahmatçılar arasında da belələri var. Onların ali təhsil almağa bacarıqları çatır, amma illəri boş yerə xərcləmək istəmirlər. Axı, turnirlər ciddi təhsil almağa imkan vermir. Mən özüm də belə problemlə qarşılaşmışam”.