22:07 28-12-2008
news_image
717
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov erməni şahmatçıdan revanş çıxa bilmədi

Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Prinin 3-cü mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, son turda Azərbaycanın hər 3 şahmatçısı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov heç-heçə oynayıb.

Təəssüf ki, Şəhriyar Ermənistan təmsilçisi Vladimir Akopyandan revanş çıxa bilməyib. Ötən ay Drezdendə keçirilmiş Şahmat Olimpiadasında Akopyana uduzan həmvətənimiz bu dəfə düşmən xalqın nümayəndəsi ilə 25-ci gedişdə “sülh” bağlayıb. Teymurun liderlər qrupunda qərarlaşan Aleksandr Qrişukla (Rusiya) görüşü gərgin olub. Tərəflər hərəyə 97 gediş etdikdən sonra heç-heçəyə razılaşıblar. Vüqar isə özbəkistanlı Rüstəm Qasımcanovla xalları bölüb.

Yekunda Rəcəbov rusiyalılar Dmitri Yakovenko və Aleksandr Qrişukla birgə 1-3-cü yerləri bölüşdürüb (8 xal). Bundan yarım xal geri qalan Həşimov 4-cü olub. Məmmədyarov isə 6,5 xalla 5-9-cu pillələrdə qalıb.

Qeyd edək ki, Qran-Pridə 14 şahmatçı mübarizə aparırdı.