13:01 05-01-2009
news_image
598
STOLÜSTÜ OYUNLAR

“Şahmat yay olimpiya oyunlarının proqramına daxil ediləcək”

“İnanıram ki, şahmat tezliklə yay olimpiya oyunlarının proqramına daxil ediləcək. Biz Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib, bu qurumun razılığını almaq istəyirik. Mənim əsas məqsədim odur ki, şahmat olimpiya hərəkatının bir hissəsinə çevrilsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov deyib.

Hazırda FİDE-nin 165 üzvü olduğunu bildirən İlyumjinov şahmatın coğrafiyasından razı qaldığını büruzə verib: “Şahmatı bütün qitələrdə oynayırlar. Hətta Meksika və Argentinada da müntəzəm turnirlər təşkil olunur. Belə mənzərələri görmək çox xoşdur”.

Həmçinin, federasiya prezidenti vurğulayıb ki, məktəblərdə xüsusi şahmat proqramlarının tədrisi nəzərdə tutulub: “Biz bu idman növünü akademik fənn kimi təbliğ etmək niyyətindəyik”.

Qeyd edək ki, dünyanın ən tanınmış idman məmurlarından olan İlyumjinov artıq 14 ildir FİDE-nin prezidenti vəzifəsini yerinə yetirir.