14:28 13-01-2009
news_image
613
DİGƏR NÖVLƏR

Dünyanın ən yaxşı sumoçusunu öldürə bilərlər

Dünyanın ən yaxşı sumoçusu, monqolustanlı Dolqorsurenqiyn Daqvadorjun həyatı təhlükə altına düşüb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı “Asaseryu” ləqəbli idmançı ölümlə hədələnib. Ona Yaponiyanın "2channel" internet-forumunda hədə-qorxu gəliblər.

Naməlum bir şəxs təxminən 10 milyon istifadəçisi olan forumda Daqvadorjun ünvanına belə mesaj göndərib: “Mən “Kokuqiqan” idman sarayına gəlib, onu öldürəcəyəm”. Artıq Yaponiya polisi məşhur sumoçunun həyatını qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu, “Asaseryu” ilə əlaqədar ilk qalmaqallı hadisə deyil. Əvvəllər, onun pul gücünə müxtəlif beynəlxalq turnirlərdə qələbələr qazanması ilə bağlı ittihamlar səsləndirilib. Hətta Daqvadorj buna görə 2008-ci ildə məhkəmədə ifadə verib.

Hazırda sumo həvəskarları 28 yaşlı monqolustanlının istefasını tələb edirlər. Çünki son zamanlar Dolqorsurenqiynin nəticələri zəifləyib. Mövcud qaydalara əsasən, Yaponiya Sumo Assosiasiyası idmançını yarışlardan uzaqlaşdıra bilməz, bunun üçün sumoçu özü istefaya getməlidir. Azarkeşlərin etirazlarına baxmayaraq, Daqvadorj karyerasını bitirmək istəmir.