19:26 19-01-2009
news_image
562
DİGƏR NÖVLƏR

İradə Aşumova Bakı çempionatında 3-cü yeri tutdu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tirində 10 metrlik məsafədən pnevmatik tüfəng və pnevmatik tapançadan atəş açma üzrə Bakı çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, pnevmatik tapançadan atəş açan qadınların turnirində ən sensasion nəticəni Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova göstərib. O, 369 xal toplayaraq, 3-cü yeri tutub.

Qızıl medala isə Nigar Bağırova layiq görülüb (380 xal). İkinci sırada paralimpiyaçı Yelena Taranova qərarlaşıb. Kişilərin pnevmatik tapança yarışında Ruslan Lunyov qələbə qazanıb. Şükürağa Eyvazov 2-ci, Emin Əhmədov isə 3-cü yerdə qalıb.

Qadınların pnevmatik tüfəngdən atəşaçma yarışında Mehriban Məcidova bütün rəqiblərini qabaqlayıb. Növbəti pillələrdə Aynur Qəhrəmanova və Səidə Səfərəliyeva qərar tutub. Kişilər arasında keçirilən analoji turnir isə Rodion Xusainovun qələbəsi ilə başa çatıb. Gümüş medala Fərid Qurbanov yiyələnib. Orxan Əlizadə 3-cü yerlə kifayətlənib.

İradə Aşumova apasport.az saytına açıqlamasında zəif nəticə göstərməsini belə əsaslandırıb: “Mən məcburiyyət qarşısında qaldığımdan Bakı çempionatda köhnə silahla atdım. Öz tapançamın isə ciddi təmirə ehtiyacı var. Onu bu ayın axırlarında Münhendə keçiriləcək beynəlxalq turnir zamanı təmir elətdirəcəyəm”.