12:36 27-01-2009
news_image
1117
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısını Rusiyada öldürən şəxs tutuldu

Qaydasız döyüş üzrə Rusiya çempionu, 23 yaşlı Zakir Lələşovu qətlə yetirən şəxs könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.

Lələşovun qətlini araşdıran istintaq orqanları hadisənin kim tərəfindən törədildiyini təxmin etsələr də, həmin şəxs MDB ölkələrindən birində gizləndiyi üçün onu həbs etmək mümkün olmayıb. Həmin şəxsin ekstradisiya edilməsi ilə bağlı sorğu göndərilsə də, Zakir Lələşovu qətlə yetirmiş şəxs könüllü şəkildə milisə təslim olub. Hazırda qətlin motivləri araşdırılır. Qeyd edək ki, dekabrın 10-da Krasnoyarsk yaxınlığında başından aldığı güllə yarası nəticəsində dünyasını dəyişmiş kişi meyiti aşkarlanıb. Təhqiqat zamanı öldürülən şəxsin Azərbaycan vətəndaşı, qaydasız döyüş üzrə Rusiya çempionu Zakir Lələşov olduğu müəyyənləşdirilib.

Rusiya mətbuatının yazdığına görə, həyat yoldaşı ilə birlikdə Açinskdə yaşayan Zakir Lələşov dekabrın 7-də Krasnoyarska gedib. Zakirin məşqçisi Azad Orazmuradovun sözlərinə görə, qatardan düşən Zakir qara rəngli maşına minərək naməlum istiqamətdə hərəkət edib. Məşqçi maşında Zakirin Abakandan olan tanışlarının olduğunu deyib. Novosibirsk vilayəti qaydasız döyüş federasiyasının prezidenti Anatoli Merenkov yolda nə baş verdiyinin heç kəsə məlum olmadığını deyib: “Gənclər arasında mübahisə baş verib. Onların nəyi bölə bilmədiklərini indi hüquq-mühafizə orqanları müəyyənləşdirirlər. Zakir sürücünün yanında əyləşib, arxa oturacaqda əyləşmiş şəxs onun sağ gicgahına tapanca ilə atəş açıb”.

Faktla bağlı qətl maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır.

www.apa.az