00:01 28-01-2009
news_image
544
DİGƏR NÖVLƏR

Yığmamız 3 həftəyə 3 turnirdə iştirak edəcək

Azərbaycanın qadınlardan ibarət qılıncoynatma yığması səfərə hazırlaşır. Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, milli komandamız qarşıdakı 3 həftədə 3 beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Səbinə Əmrahzadə, Aida Ələsgərova, Sevil və Sevinc Bünyadova bacılarının yer aldığı kollektiv öncə İngiltərənin paytaxtı Londonda keçiriləcək A kateqoriyalı yarışa qatılacaq. Turnir 31 yanvar - 2 fevral aralığında gerçəkləşəcək.

Daha sonra Tahir Həkimovun yetirmələri 8-11 fevralda Fransanın Orlean şəhərində təşkil olunacaq Qran-Pridə iştirak edəcəklər. Növbəti analoji yarış fevralın 15-dən 17-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Qeyd olunan turnirlərdə həmyerlimiz Fikrət Vəliyev hakim funksiyasını yerinə yetirəcək.