12:04 29-01-2009
news_image
1198
STOLÜSTÜ OYUNLAR

Rəcəbovun Hollandiyada üzləşdiyi kuryoz hadisənin tam təfərrüatları

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunan XIX kateqoriyalı “Corus” superturniri çərçivəsində keçirdiyi növbəti oyunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, kuryoz hadisələr 22 yaşlı beynəlxalq qrossmeysterimizin hollandiyalı Yan Smitslə görüşünə təsadüf edib.

Ağ fiqurlarla oynayan Teymur qarşılaşmanın gedişində böyük üstünlüyə yiyələnib. Endşpildə isə şahmatda nadir hallardan biri yaşanıb. Bununla bağlı turnirin rəsmi veb-saytı coruschess.com-da belə yazılıb: “Oyun kulminasiya nöqtəsinə 39-cu gedişdə, hər iki şahmatçının bir neçə saniyəsi qalarkən çatdı. Rəcəbov fiqurlardan birini yerə saldı və onu götürməmiş saatın düyməsini basdı. Smits isə gediş etmədən rəqibinin saatını işə saldı. Beləliklə, Teymurun vaxtı qurtardı. Smitsin vaxtı qaldığı üçün hakimlər onu qalib elan edə bilərdilər. Lakin buna ehtiyac yox idi, çünki şahmatçılar heç-heçəyə razılaşmışdılar”.

Hazırda Rəcəbov 5,5 xalla 3-6-cı pilləri bölüşdürür. Yarış iştirakçıları bu gün istirahət edirlər. Sabah isə Rəcəbov Van Yuya qarşı mübarizə aparacaq. 13 turdan ibarət yarışa fevralın 1-də yekun vurulacaq.

X turun oyunları:

Teymur Rəcəbov (Azərbaycan) - Yan Smits (Hollandiya) - 0,5:0,5
Sergey Movsesyan (Slovakiya) – Van Yu (Çin) - 0,5:0,5
Daniel Stellvagen (Hollandiya) - Aleksandr Morozeviç (Rusiya) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Lenyer Dominqes (Kuba) - 1:0
Levon Aronyan (Ermənistan) - Maykl Adams (İngiltərə) - 1:0
Vasili İvançuk (Ukrayna) - Qata Kamski (ABŞ) - 0,5:0,5
Sergey Karyakin (Ukrayna) - Luk Van Veli (Hollandiya) - 0,5:0,5