14:48 10-02-2009
news_image
1723
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov qarət olunduğu turnirə yenidən qatılır

Fevralın 19-da İspaniyada şahmat üzrə ənənəvi “Linares” superturniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini Teymur Rəcəbov (2761) qoruyacaq. Onunla yanaşı, turnirə daha 7 qrossmeyster - dünya çempionu Vişvanatan Anand (Hindistan, 2791), Vasili İvançuk (Ukrayna, 2779), Maqnus Karlsen (Norveç, 2776), Levon Aronyan (Ermənistan, 2750), Van Yue (Çin, 2739), Aleksandr Qrişuk (Rusiya, 2733) və Lenyer Dominqes (Kuba, 2717) qatılacaq.

Yarışın ümumi mükafat fondu 314 min avroya bərabərdir. Birinci yeri tutacaq şahmatçıya 100 min avro veriləcək. Şahmatçılar iki dövrədə, 14 turda bir-birləri ilə oynayacaqlar. Turnirə martın 7-də yekun vurulacaq.

Qeyd edək ki, 2 il öncə Meksikanın Moreliya şəhərində keçirilmiş “Linares” superturnirində Teymur Rəcəbov xoşagəlməz halla üzləşmişdi. Onun Moreliyada məskunlaşdığı otel otağında soyğunluq olmuşdu. Oğrular şahmatçımıza və onun atasına məxsus bir neçə dəyərli əşyanı götürüb aradan çıxmışdılar. Nəticədə yarışdan imtina edən Rəcəbov dərhal Meksikanı tərk etmişdi.