12:04 24-02-2009
news_image
563
DİGƏR NÖVLƏR

Məşqçi olmaq da İradə Aşumovaya uğur gətirmədi

Çexiyanın paytaxtı Praqada güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan idmançıları uğursuzluğa düçar olublar. Belə ki, 6 təmsilçimizdən heç biri fəxri kürsüyə yüksələ bilməyib.

Pnevmatik tapança ilə 10 metrlik məsafədən hədəfə atəş açan Nigar Bağırova 380 xalla 10-cu yeri tutub. Ölkəmizin ən titullu güllə atıcısı, Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova isə daha zəif nəticə göstərib. Ötən ay yığmamızın oynayan-məşqçisi təyin edilən Aşumova 371 xalla 46-cı pillədə qərarlaşıb.

Qadın idmançılarımızdan Mehriban Məcidova pnevmatik tüfənglə atəş açanların yarışında 75 nəfər arasında 73-cü sırada qalıb (378 xal). Yeniyetmə güllə atıcımız Aynur Qəhrəmanova isə “antirekord” müəyyənləşdirib: 364 xalla sonuncu, 76-cı yer.

Bu il axırıncı dəfə yeniyetmələr arasında qüvvəsini sınayan Ruslan Lunyovun da mükafat qazanmaq istəyi baş tutmayıb. 562 xal toplayan 20 yaşlı həmyerlimiz elə 20-ci yeri tutub. Beynəlxalq təcrübəsi yox dərəcəsində olan Məmmədəli Abdullayev 539 xalla 35-ci pillədə qərar tutub.

Beləliklə, Avropa çempionatında 6 güllə atıcımızdan heç biri təsnifatı adlaya bilmədiyindən, final mərhələsində çıxış etmək hüququndan məhrum olunub.