17:53 24-02-2009
news_image
665
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovu aldadan şahmatçının cibləri yoxlanılıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun qəflətən “Aeroflot Open-2009” festivalını tərk etməsi böyük rezonansa səbəb olub. Apasport.az saytının məlumatına görə, Rusiyanın paytaxtı Moskvada keçirilən yarışın baş hakimi, eləcə də direktoru bu hadisəyə münasibətlərini bildiriblər.

“Aeroflot Open-2009”un baş hakimi Hert Qiysen vurğulayıb ki, Məmmədyarovun qeyri-adi davranışlarda və “Rıbka” şahmat proqramından yararlanmaqda ittiham etdiyi rusiyalı rəqibi İqor Kurnosov günahsızdır: “Təcrübəli hakimlər Ancey Fillipoviç və Yevgeni Vasyukov da həmin partiyanı analiz ediblər. Oyunda xüsusi gedişlər olmayıb ki, Kurnosov bunları kənar amillərin köməyi sayəsində həyata keçirsin”. Qiysen Kurnosovun ciblərinin yoxlanıldığını da söyləyib: “Qrossmeysterin cibləri yoxlanıldı. Ondan yalnız bir qutu siqaret, yandıran və qələm tapdıq”.

Festivalın direktoru Aleksandr Bax isə Şəhriyar Məmmədyarovun yarışı yarımçıq dayandırmasından təəssüfünü gizlətməyib: “Mən çalışdım ki, Məmmədyarov turniri tərk etməsin. Amma heyf ki, heç nə alınmadı. Məlum hadisəni rusiyalı şahmatçı Vladimir Kramniklə də müzakirə etdim. O dedi ki, Məmmədyarov çıxışını yarımçıq dayandırmaya da bilərdi”.