16:31 02-03-2009
news_image
672
DİGƏR NÖVLƏR

Yığmamızın baş məşqçisi: Moskvaya səfərimiz gəzinti xarakteri daşımayacaq

2008-ci ilin sentyabrında Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə milli komandası ukraynalı mütəxəssis Aleksandr Kolıbelnikova tapşırılıb. Təcrübəli baş məşqçi ölkəmizdəki fəaliyyəti ilə əlaqədar Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi internet saytına müsahibə verib. Apasport.az saytı müsahibəni təqdim edir.

Dosye: Aleksandr İvanoviç Kolıbelnikov 1939-cu ildə Ukraynanın Xerson şəhərində anadan olub. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında SSRİ yığmasının baş məşqçisi kimi çalışıb. SSRİ-nin əməkdar məşqçisi adına layiq görülmüş Kolıbelnikov Sergey Postrexin (1980), Nikolay Juravski (1988) və Viktor Reneyski (1988) kimi olimpiya çempionları hazırlayıb. Ölkəmizə gələnədək o, Polşa millisinin baş məşqçisi olub.

- Necə oldu ki, Azərbaycanda işləməyi qərara aldınız?
- Məni bura Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov dəvət edib. Ötən ilin sentyabrında Mingəçevir şəhərində yeniyetmələr arasında keçirilmiş akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ölkə birinciliyini izlədim, şəraitlə, perspektivlə tanış oldum. Bundan sonra müqavilə bağladıq. Bir neçə səviyyəli avarçəkənin burada hazırlaşması haqda razılığa gəldik. Paralel olaraq, yeniyetmə kayak və kanoeçilərin də səviyyələrinin artırılması istiqamətində çalışacağıq.

- Azərbaycana gələrkən, avarçəkmənin inkişaf etdirilməsi baxımından hansı şəraiti gördünüz?
- Mingəçevir hələ sovet dövründən məşhur idi. Burada keçmiş SSRİ-nin avarçəkənlərinin olimpiya hazırlığı bazası vardı. Mən özüm də 1988-ci ilin sonu 1989-cu ilin əvvəlində bu şəhərdə olmuşdum. Deyə bilərəm ki, Mingəçevirdəki iqlim şəraiti faktiki olaraq, İtaliyanın Neapol şəhərindəki ilə eynidir. Burada bütün mövsüm boyu normal və məhsuldar işləmək üçün gözəl Kür çayı var.

- Sizcə, təqribən nə vaxt Azərbaycan beynəlxalq arenada avarçəkmə növlərində yüksək nəticələr göstərməyə başlayacaq?
- Hazırda Azərbaycanda avarçəkmə dirçəliş dövründədir. Bakı və Mingəçevir şəhərlərində fəaliyyət göstərən avarçəkmə klubları ölkənin istək və tələbatını təmin edə bilməz. “Kür” Olimpiya İdman Mərkəzi istifadəyə verildikdən sonra internat-məktəb açmaq, ora Azərbaycanın müxtəlif yerlərindən yüksək antropometrik göstəricilərə malik 13-14 yaşlı uşaqları cəlb etmək lazımdır. Onların üzərlərində 5-8 il işlədikdən sonra yüksək səviyyəli avarçəkən kimi yetişmələrinə nail olmaq mümkündür.

- Yeniyetmələrin 2010-cu il Sinqapur Yay Olimpiya Oyunlarına lisenziya şanslarını necə dəyərləndirirsiniz?
- Sinqapur olimpiadasına vəsiqələr yalnız bu il 31 iyul – 2 avqustda Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatında veriləcək. Bu yarışın bizim üçün gəzinti xarakteri daşıyacağını düşünmürəm. Azərbaycanlı yeniyetmələrdən başqa öz ölkələrində yığma komandaya düşməkdə çətinlik çəkən perspektivli idmançıları da dəvət edib, dünya birinciliyinə hazırlaşmaq niyyətindəyik. Hazırda yeniyetmələrdən ibarət kayak və kanoe yığmasına həmyerlim Vasili Kovbanovski rəhbərlik edir. Onunla bir həmkar kimi fikir mübadiləsi aparır, birgə işləyirik.

- Bəs 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıq dövründə hansı hədəfləri müəyyənləşdirmisiniz?
- Hazırda daha çox hazırlıq prosesinə cəlb etdiyimiz Ukrayna əsilli kanoeçilərimiz Valentin Demyanenko və Sergey Bezuqlıy - Maksim Prokopenko duetinə ümid bəsləyirik. Onların qarşıdakı mötəbər yarışlarda müəyyən nəticələrə imza atması istiqamətində çalışırıq. Yerli kayak və kanoeçilərin isə yüksək nəticələr göstərmələri üçün hələ tezdir. Onlar üzərində 3-5 il işləmək lazımdır.

- Bilirsinizmi ki, ölkəmizin London Olimpiadasında avarçəkmə növlərində təmsil olunacağına və medal qazanacağına böyük ümid bəslənilir?
- Bu gün kanoeçilərimizdən 1 nəfərlik qayıqda çıxış edən Demyanenko ilə 2 nəfərlik qayıqda yer alan Bezuqlıy - Prokopenko duetinə ümidimiz böyükdür. Onların hər üçü dünya səviyyəli, beynəlxalq arenada 9 nəfərin mübarizə apardığı final mərhələsində çıxış etməyə qadir idmançılardır. Demyanenko ötən il Dünya Kubokunun 3 mərhələ yarışında 3 qızıl medal qazanıb. Onun 500 metrlik məsafəyə yürüşdə göstərdiyi nəticəni Pekin olimpiadasının analoji göstəriciləri ilə tutuşdurduqda, Valentinin ən azı olimpiya gümüşünə layiq olduğunu görürük. Bezuqlıy - Prokopenko dueti isə 2008-ci il Pekin Yay Olimpiya Oyunları zamanı 500 metr məsafəyə yürüşdə final mərhələsində çıxış edib və 8-ci yeri tutub. Əvvəllər hər üç kanoeçini müxtəlif yarışlarda görmüşdüm, onlarla qiyabi tanış idim. Artıq iki aydır ki, mənim rəhbərliyim altında işləyirlər. Kayak növündə isə layiqli idmançının yetişməsi üçün zamana ehtiyac var.

- Bezuqlıy - Prokopenko duetinin Azərbaycanda hazırlıq keçməsi ilə əlaqədar Ukraynada narahatçılıqlar varmı?
- Məncə, narahatlığa əsas yoxdur. Onlar Azərbaycana gələrkən, heç bir hüquq pozuntusuna yol verməyiblər. Ötən olimpiya mərhələini başa vurduqdan sonra həm öz klubları, həm də Ukraynanın idman komitəsi ilə hesablaşıblar. 2008-ci ilin noyabrında təxris olunduqdan sonra sərbəst insanlar kimi seçimlərini ediblər. Yəni, Bezuqlıy - Prokopenko duetinin hazırlıq prosesini Azərbaycanda davam etdirməsində problem olmamalıdır.

- Ölkəmiz haqda hansı fikirdəsiniz?
- Azərbaycanda Bakı və Mingəçevir şəhərlərində olmuşam. Paytaxtınızda çox az qalmışam. İlk baxışdaca şəhərdə tikinti işlərinin aparıldığı, müsbət yöndə dəyişikliklərin baş verdiyi görünür. Mingəçevir şəhəri isə səhralıqda olan oazisi xatırladır, Avropa şəhərlərinə bənzəyir.