12:42 03-03-2009
news_image
797
STOLÜSTÜ OYUNLAR

Həmvətənimiz “Verder”in Bundesliqada 3 xal qazanmasına yardımçı oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın “Verder” klubunun heyətində növbəti oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, o, Bundesliqanın XII və XIII turunda, müvafiq olaraq, “Eppingen” və “Baden-Baden”ə qarşı çıxış edib.

“Verder”in birinci lövhəsində yer alan Şəhriyar hər görüşdə yarım xal qazanıb. Şahmatçımız “Eppingen”li Sergey Tiviyakov və “Baden-Baden”li Aleksey Şirovla “sülh” bağlayıb. Hər halda, bu oyunlar “Verder” üçün uğurlu alınıb. Bremen təmsilçisi “Eppingen”ə 4,5:3,5 hesabı ilə qalib gəlib. Lider “Baden-Baden”lə oyun isə heç-heçə nəticələnib - 4:4.

Hazırda “Verder” 20 xalla 5-ci pillədə qərarlaşıb. Aktivində 24 xal olan “Baden-Baden” yarış cədvəlinə başçılıq edir. Bundesliqanın son iki turu martın 28-29-na təyin olunub.