12:26 04-03-2009
news_image
879
DİGƏR NÖVLƏR

Azad Rəhimov: İdman məşqçiləri və müəllimləri savadsızdırlar

5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bu gün “Bədən tərbiyəsi və idmanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans təşkil olunub. Apasport.az saytının məlumatına görə, tədbirə Azərbaycan Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin rəsmiləri, müxtəlif federasiyaların nümayəndələri, alimlər, tədqiqatçılar və digər qonaqlar qatılıblar.

Konfransda öncə nitq söyləyən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2004-08-ci illəri əhatə edən bədən tərbiyəsi və idmanın inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilib: “Bu 4 ildə idmançılarımız 629-u olimpiya, 1064-ü qeyri-olimpiya növündə olmaqla, 1693 medal qazanıblar. 2008-ci ildə həm olimpiyaçılarımız, həm də paralimpiyaçılarımız yüksək nəticələr əldə ediblər”.

Gələcək planlara toxunan nazir ölkəmizin 2012-ci il London Olimpiadasına elmi əsaslandırılmış konsepsiya ilə hazırlaşdığını vurğulayıb: “Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiya layihəsi hazırlamışıq. Milli strategiya 2009-2020-ci illəri nəzərdə tutur. Birinci mərhələ 2009-2012-ci illəri, yəni London Yay Olimpiya Oyunlarına hazırlıq dövrünü əhatə edir”.

Daha sonra Azad Rəhimov mövcud problemlərdən danışıb. O, idman məşqçiləri və müəllimlərini kəskin tənqid atəşinə tutub: “Bədən tərbiyəsi və idman sahəsində kompleks elmi-tədqiqatların aparılması işi məni qane etmir. Bu işlər istənilən səviyyədə deyil. İdmanın inkişafına mane olan səbəblər arasında ən başlıcası məşqçi və müəllimlərin savadsızlığıdır. Xüsusilə, Bədən Tərbiyəsi və İdman Akademiyasında sonuncu qış imtahan sessiyasının nəticələri, fakültələr üzrə mənimsəmə faizinin aşağı düşməsi böyük narahatçılıq doğurur”.

Rəhimov deyib ki, qızların və qadınların da idmanla məşğul olma göstəriciləri ürəkaçan deyil. Qadın məşqçi-müəllimlərin azlığını ciddi problem kimi qiymətləndirən nazir çatışmazlıqların tezliklə aradan qaldırılmasını arzulayıb, konfrans iştirakçılarını təbrik edib və onlara uğurlar diləyib.

Ardından çıxışlar başlanılıb. Konfrans qısa fasilədən sonra bölmə iclasları ilə davam etdiriləcək. Günün ikinci yarısına təsadüf edəcək bu iclaslarda 2 məsələyə - perspektivli idmançıların hazırlığı və yüksək idman ustalığının problemləri, həmçinin bədən tərbiyəsi və idmanın tibbi-bioloji və psixoloji problemləri, idman sahəsində dopinq nəzarətinin tətbiqinə toxunulacaq.