13:02 04-03-2009
news_image
1265
DİGƏR NÖVLƏR

Ağacan Abıyev rektorluqdan çıxarılır?

“Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında rəhbərlik səviyyəsində dəyişiklik olmayacaq. Bizdə kimsə vəzifəsindən tutub, buraxmır kimi hallara rast gəlinmir. Sadəcə, məsul vəzifə daşıyan bir insanı əvəz etmək üçün onun yerinə daha yüksək səviyyəli mütəxəssis lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi brifinqdə deyib.

Ölkəmizdə idman məşqçiləri və müəllimlərinin savadsızlığından, ADBTİA-da qış imtahan sessiyasının nəticələrinin zəifliyindən şikayətlənən Rəhimov vəziyyətdən çıxış yollarını göstərib: “Kadrların yetişdirilməsi prosesindən narazıyam. Halbuki, akademiyanın məzunu gələcəkdə bu təhsil ocağında müəllim və ya kafedra müdiri ola bilər. Təəssüf ki, səviyyə kifayət qədər yüksək deyil. Vəziyyətdən çıxış yolu məqsədilə tələbələr başqa akademiyalara göndəriləcəklər, orada oxuyacaqlar. Müəllim heyəti müxtəlif yerlərdə ixtisasartırma kurslarında olacaqlar. Bizim Bolqarıstan, Ukrayna və Rusiya ilə yaxşı əlaqələrimiz var. İnanırıq ki, həyata keçirəcəyimiz tədbirlər Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim və tələbə heyətinin bilik səviyyəsini qaldıracaq”.

Qeyd edək ki, ADBTİA-nın rektoru Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Abıyevdir.