15:29 14-03-2009
news_image
679
DİGƏR NÖVLƏR

Avarçəkənlər “Prezident Kuboku”na hazırlıq üçün Mingəçevirə yolandılar

Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandası martın 23-də startı veriləcək II Beynəlxalq “Prezident Kuboku” reqatasına hazırlıq məqsədilə Mingəçevir şəhərinə yollanıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “Kür” Təlim-Tədris Mərkəzində təşkil olunacaq toplanışa 27 idmançımız qatılıb.

Akademik avarçəkənlərimizin tərkibi 17 yeniyetmə, gənc və böyükdən ibarətdir. Məşqçi Aleksandr Barabanovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət komandamızda Fərhad Hüseynov, Kərim Əsgərov, Telman Həbibli, Nicat Mehdiyev, Aleksandr Jukov, Əbdürəşid Mustafin və Zaur Əhmədov yer alıb.

Gənclərdən ibarət komandamızın məşqçisi Samir Məmmədovun başçılığı altında Turqay Məmmədov, Mirzağa Eyvazov, Aqşin Məmmədov, Kamran Yusubov və Fuad Mirzəyev hazırlaşırlar. Almaniyalı mütəxəssis Rudiget Hauffenin baş məşqçisi olduğu əsas millimizə isə Cavid Əfəndiyev, Timur Kutseba, Toğrul Qurbanzadə, Aleksandr Jdanov və Aleksandr Qlotov cəlb edilib.

Kayak və kanoe milli komandamızın ukraynalı baş məşqçisi Aleksandr Kolıbelnikov isə Rüfət Vəlizadə, Xaqani Alməmmədli, Nazim Rəsulov, Elvin Cəfərov, Emin Cəfərov, Tamerlan Mustafayev, Mirnazim Cavadov, Qulam Səlimov, Namiq Zöhrabov və Vahid Həsənovu hazırlaşdıracaq.

Qeyd edək ki, Mingəçevir şəhərində keçiriləcək II Beynəlxalq “Prezident Kuboku” reqatası 4 gün davam edəcək. Yarışın ilk 2 günündə akademik avarçəkənlər, 25-26 martda isə kayak və kanoeçilər mübarizə aparacaqlar.