13:35 27-03-2009
news_image
8217
DİGƏR NÖVLƏR

Bizim avarçəkən qızlar - FOTO

2008-ci ilin mayından etibarən Azərbaycanın qızlardan ibarət avarçəkmə üzrə yığma komandanın yaradılmasına başlanılıb. Apasport.az saytının məlumatına görə, qısa müddətdə həm akademik avarçəkmə, həm də kayak növlərində perspektivli idmançılar aşkara çıxarılıb. Əlbəttə, avarçəkmə kimi çətin idman növünə zərif cinsin nümayəndələrinin marağını təmin etmək kifayət qədər çətindir. Amma yüksək dözümlülüyə, fiziki göstəricilərə malik qızlarımız hər hansı çətinlikdən qorxmadan həvəslə avarçəkmə ilə məşğul olurlar.

Onlara akademik qayıqlarda avarçəkmənin sirlərini məşqçi Janna Məmmədova öyrədir. Məmmədova Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi internet saytına açıqlamasında yığmamızda perspektivli qız idmançıların olduğunu bildirib: “1994 – 1996-cı il təvəllüdlü qızlardan ibarət yaxşı idmançılarımız var. Onlar perspektivlidirlər, hazırkı yaşları gələcəkdə daha yaxşı nəticələr göstərmələrinə imkan verir”.

Bununla yanaşı, məşqçi müəyyən problemlərin mövcudluğunu da etiraf edib. Onun fikrincə, çatışmazlıqlardan biri Bakıda məşq şəraitinin istənilən səviyyədə olmaması ilə bağlıdır: “Düzdür, paytaxtdakı Hərbi Dəniz Qüvvələri İdman Klubunun ərazisində avarçəkmə hovuzumuz var. Qızlar orada məşq edirlər. Avar çəkməyi də məhz həmin hovuzda öyrəniblər. Lakin Bakıda uzun məsafələri qət etmək, bir-biriləri ilə yarışmaq imkanları yoxdur. Mingəçevirdə isə belə imkanlar mövcuddur. Əgər qızlar da daim Mingəçevirdə təlim-məşq toplantısında olsalar, qısa vaxtda nəyəsə nail ola bilərik”.

Digər problem avarçəkmə üçün uca boya və iri bədənə malik qızların yox dərəcəsində olmasıdır. Azərbaycanlıların boy və bədəncə fərqləndiyini deyən Məmmədova avarçəkmə üçün münasib qızları tapmaqda çətinlik çəkdiklərini söyləyib: “Burada mentalitet də öz sözünü deyir. Hələ keçmiş SSRİ dövründə qarışıq nikahlardan doğulan iri bədənli və uca boylu, bir sözlə yüksək fiziki göstəricilərə malik qızlar vardı. Onların çoxu başqa millətlərdən idi. Azərbaycanlılar arasında isə avarçəkməyə meylli qızlar tapmaq müəyyən çətinliklərlə müşayiət olunur. Amma yenə də milli kadrlar tapıb, üzə çıxarmağa çalışırıq. Gəzirik, axtarırıq, bütün məktəblərdə oluruq”.

Artıq 10 nəfər perspektivli qız avarçəkənimiz var. Onlardan 7-si akademik avarçəkmə, 3-ü isə kayakla məşğul olur. Akademik avarçəkənlərimiz arasında milliyyətcə azərbaycanlıların da olduğunu deyən Məmmədova ən perspektivlilərinə misal kimi Nuriyə Qurbanova ilə Mehriban Muradovanın adlarını çəkib: Nuriyyə 1996-cı, Mehriban isə 1994-cü il təvəllüdlüdür. Hər ikisinin yüksək fiziki göstəriciləri var, boy-buxunca çox yaxşıdırlar. Orta məktəbin 7-8-ci siniflərində təhsil alsalar da, artıq 1,70 metr boya malikdirlər. Hazırda onları nəzərdən keçiririk”.

Qız avarçəkənlərimiz 2008-ci ildə Azərbaycan birinciliyində və Mingəçevir reqatasında, bu il isə beynəlxalq “Prezident Kuboku” reqatasında çıxış ediblər. Ölkə xaricində keçirilən yarışlara isə gələn ildən qatılacaqlar. Məşçi onların hələ bir müddət hazırlıq keçməsinə lüzun görür.

“Məşqlərimiz normal qaydada davam edir. Heç bir problemimiz yoxdur”. Bu sözləri isə amaf.az saytına 15 yaşlı akademik avarçəkənimiz Mehriban Muradova deyib. Muradova avarçəkməyə öz istəyi ilə gəldiyini bildirib: “Mən avarçəkməni sevirəm, bu idman növü çox xoşuma gəlir. Televiziyada avarçəkmə üzrə yarışları izlədikdən sonra marağım xeyli yüksəldi. Orta məktəbdə təhsil aldığım vaxt məşqçi Janna Məmmədova məni gördü və avarçəkmə bölməsinə cəlb etdi. Valideynlərim də məmnuniyyətlə icazə verdilər. Çünki idman - sağlamlıq deməkdir. Çox şadam ki, məşqçimiz mənim arzumu reallaşdırdı”. Mehriban akademik avarçəkmə ilə peşəkar səviyyədə məşğul olmaq niyyətindədir. Onun məqsədi gələcəkdə beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməkdir: “Məşqlərə çox ciddi yanaşıram. Qarşıma böyük hədəflər qoymuşam. Gələcəkdə mötəbər yarışlarda ölkəmizin adını uca tutmaq niyyətindəyəm. İnşallah, buna nail olacağıma inanıram”.