13:03 07-04-2009
news_image
485
DİGƏR NÖVLƏR

Avarçəkənlərimiz Rusiyaya qayıqlarla yollanırlar

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası bu gün Rusiyanın Rostov şəhərinə yollanır. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığmamız aprelin 10-da start götürəcək “Don reqatası”nda çıxış edəcək.

Üç gün davam edəcək yarışda ölkəmizin şərəfini Toğrul Qurbanzadə, Cavid Əfəndiyev, Mirzağa Eyvazov, Aleksandr Jdanov, Turqay Məmmədov və Kamran Yusubov qoruyacaqlar. Onların hamısı bir nəfərlik qayıqlarda qüvvələrini sınayacaqlar. “Don reqatası”nda yığmamıza məşqçilər Samir Məmmədovla Aleksandr Barabanov rəhbərlik edəcəklər.

Komandamız “Don reqatası”nda ikinci dəfə mübarizə aparacaq. Ötən il 11 idmançımızın çıxış etdiyi yarışda ən yüksək nəticəni Cavid Əfəndiyev göstərmişdi. O, 1 nəfərlik qayıqda 61 avarçəkən arasında 4-cü yeri tutmuşdu. Lakin həmin turnirdə təşkilatçılar tərəfindən komandamızın üzvlərinin hazırlıq prosesinə müəyyən süni maneələr yaradılmışdı.

Məsələ burasındadır ki, avarçəkənlərimiz məşq üçün vaxtlı-vaxtında qayıqlarla təmin olunmamışdılar. Belə problemlərin yenidən təkrarlanma ehtimalını nəzərə alan AMAF rəhbərliyi idmançılarımızın özlərinə məxsus qayıqları da Rostova göndərməyə qərar verib.