15:11 09-04-2009
news_image
820
STOLÜSTÜ OYUNLAR

3 qızın bir oyunu var, o da qızıl medal üstündə

Şahmat üzrə 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının final mərhələsi bu gün başa çatıb. Azərbaycan Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin 30-a yaxın şəhər və rayonundan 135-dək iti zəka sahibi mübarizə aparıb.

Əslində, çempionat aprelin 2-də yekunlaşmalı idi. Lakin həmin vaxt 10 yaşlı qızlar arasında qalibi müəyyənləşdirmək müşkül məsələyə çevrilmişdi. Çünki Aydan Höccətova, Günay Məmmədzadə və Nərmin Məmmədova hər üçü eyni miqdarda xal toplamışdılar (10 xal). Bundan başqa, adıçəkilən şahmatçıların əlavə bir neçə göstərici də üst-üstə düşürdü. Bu səbəbdən təşkilatçılar həmin qızlar arasında əlavə matç-turnir keçirilməsini qərara alıblar.

Aydan, Günay və Nərmin matç-turnirdə 2 dövrədə qüvvələrini sınayıblar. Hər iki rəqibini üstələyən Günay Məmmədzadə qızıl medala sahib çıxıb. Növbəti pillələrdə Aydan Höccətova və Nərmin Məmmədova qərarlaşıblar. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, eləcə də Azərbaycan Şahmat Federasiyasının qiymətli hədiyyələri təqdim olunub.

Qeyd edək ki, hər yaş qrupunda 1-ci yerin sahibləri dünya, 2-ci sıranı tutanlar isə Avropa çempionatında iştirak hüququna yiyələniblər.