13:08 16-04-2009
news_image
657
DİGƏR NÖVLƏR

Azərbaycanın 8-ci milli çempionatı start götürür

Aprelin 18-də otüstü hokkey üzrə sayca 8-ci Azərbaycan çempionatı start götürəcək. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Onun sözlərinə görə, növbəti çempionat federasiyanın 40 illik yubileyinə həsr olunacaq.

Bu münasibətlə şənbə günü təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılıb. Federasiyanın 40 illik yubileyi ilə əlaqədar veteran otüstü hokkeyçilər arasında yoldaşlıq görüşü keçiriləcək.

Ölkə çempionatına gəlincə, öncə kişilərdən ibarət komandalar mübarizəyə qoşulacaqlar. Burada yarış 3 liqada təşkil edilib. Yüksək liqada “Akkord”, “Atasport” (hər ikisi Bakı), “Şahdağ” (Qusar), “Göytəpə” (Cəlilabad), 1-ci liqada “Kür” (Mingəçevir), “Gənclik” (Sumqayıt), “Təhsil” (Bakı), “Gəncə”, 2-ci liqada isə “Astara”, “Şəki”, “Xəzər” (Lənkəran), “Olimp” (Masallı) və Nizami RİOEUGİM çıxış edəcək. Çempionat dörd dövrədən ibarət olacaq. Hər bir komanda mövsüm ərzində 12 oyun keçirəcək. Qaydalara əsasən, liqada sonuncu yeri tutan klubu növbəti ölkə birinciliyində digər liqanın qalibi əvəzləyəcək.

Qadınların çempionatı isə gələn həftə başlanacaq. Turnirdə xanım hokkeyçilərdən ibarət 5 komanda - “Atasport-2”, “Bakı”, Nizami RİOEUGİM, “Şahdağ” (Qusar) və “Xəzər” (Lənkəran) qüvvəsini sınayacaq.